Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov Hindistan Respublikasının Kerala ştatında keçirilən “ICAAP & SP-2024-Advances Applied Probability and Stochastic Processes” (“Tətbiqi ehtimallar və stokastik proseslər sahəsində nailiyyətlər”) mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
Hindistanın Ehtimal və Statistika Cəmiyyətinin (Indian Society for Probability and Statistics (ISPS)) təşkilatçılığı ilə Müqəddəs Aloysius Kollecində (St. Aloysius College) 18-20 yanvar tarixlərində baş tutan konfransın plenar sessiyasında BMU-nun prorektoru “Analysis of Queueing-Inventory System with Queue-Dependent Replenishment Policy” adlı elmi məruzə ilə çıxış edib.
Dünyanın informasiya texnologiyaları üzrə nüfuzlu alimlərinin qatıldığı konfransda tətbiqi ehtimallar və stokastik proseslər sahəsində son nailiyyətlər, sözügedən proseslərin daha dəqiq və səmərəli proqnozlaşdırılmasına imkan verən yeni riyazi texnika, alqoritm və modellərin işlənməsi, praktik tətbiqlər, hesablama metodları və texnologiyaları, mürəkkəb modellərin səmərəli idarəetməsinə imkan verən yeni tətbiqlərin inkişafı və s. məsələlərlə bağlı məruzələr dinlənilib. Bununla yanaşı, mühəndislik, maliyyə, sığorta, telekommunikasiya və kompüter elmləri daxil olmaqla, müxtəlif sahələrdə həlledici rol oynayan bu tədqiqat sahəsi ilə bağlı geniş elmi müzakirələr aparılıb.
Ağası Məlikov səfər çərçivəsində Hindistan Respublikasının üç ali təhsil müəssisəsinin (St. Xavier's College for Women; Union Christian College; Jyothi Engineering College) auditoriyalarında “Numerical study of queuing-inventory systems with catastrophes”, “Double-sources queuing-inventory systems”, “Refined approximate algorithm for steady-state probabilities of the large-scale queuing systems with Instantaneous and delayed feedbacks” adlı elmi məruzələrlə çıxış edib.
Konfransın sonunda BMU prorektoruna Müqəddəs Aloysius Kollecinin sertifikatı, eyni zamanda ali təhsil müəssisələrinin planketləri təqdim edilib. Alimin “Analysis of Queueing-Inventory System with Queue-Dependent Replenishment Policy” adlı məruzəsi isə “ICAAP & SP – 2024” konfransının elmi jurnalında nəşr edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi