Bakı Mühəndislik Universitetinin (BMU) abituriyentlər və yuxarı sinif şagirdləri üçün keçirdiyi maarifləndirici tədbirlərin davamı olaraq növbəti görüş Sumqayıt şəhərində təşkil edilib.
Qonaqları salamlayan 23 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nərminə Hacıyeva məkan olaraq belə bir görüşün təmsil etdiyi məktəbdə baş tutmasından məmnunluğunu dilə gətirib, eyni zamanda BMU-nun professor-müəllim heyətini tədbir iştirakçılarına təqdim edib.
BMU haqqında tanıtım videoçarxı nümayiş olunduqdan sonra universitetin tədris işləri üzrə prorektoru Həmzağa Orucov çıxış edib. O, universitetin maddi-texniki bazası, laboratoriyaları, xüsusilə bu yaxınlarda istifadəyə verilən Kibertəhlükəsizlik laboratoriyası, yenilənən auditoriyaları, habelə akademik mühiti, beynəlxalq əlaqələri, ikili diplom proqramı barədə məlumat verib. Bildirib ki, BMU-da ingilis dilinə üstünlük verən tədris sistemi mövcuddur, xarici universitetlərlə tələbə mübadiləsi aparılır.
Universitetdə tədris olunan və bu il açılan yeni ixtisasları vurğulayan prorektor abituriyentlərin diqqətini düzgün ixtisas və həmin ixtisas üzrə ən yaxşı təhsil verən universitet seçiminin vacibliyinə cəlb edib. BMU-da əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşmaq üçün geniş imkanların mövcud olduğunu deyən Həmzağa Orucov qeyd edib ki, ali təhsil ocağında istedadlı tələbələrə hərtərəfli dəstək var və bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır. Universitetdə idman, sosial-mədəni fəaliyyətlərlə zəngin tələbə həyatının olmasını nəzərə çatdıran prorektor tələbələrin inkişafına təkan olan, asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tələbə təşkilatları və klublarının fəaliyyət göstərdiyini söyləyib. Tələbələrin yataqxana ilə (oğlanlar və qızlar) təminatından da danışan Həmzağa Orucov abituriyentlərə gələcək tələbə həyatlarında uğurlar arzulayıb.
İnteraktiv formada davam edən görüşdə Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nəsimi Kamalov, Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri Ramiz Hümbətov, kafedranın professoru İslam İslamov, Mexanika mühəndisliyi kafedrasının müdiri Asif Quliyev, Kimya-biologiya kafedrasının baş müəllimi Elşad Yunusov, Müəssisələrlə əlaqələr və karyera departamentinin baş mütəxəssisi Adil Vəliyev, Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Ülviyyə Qasımova çıxış ediblər.
Çıxışlarda bu ildən universitetdə “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” ixtisaslarının açıldığı, ümumilikdə 36 ixtisas üzrə bakalvr səviyyəsinə qəbul aparılacağı vurğulanıb. Həmçinin universitetin kampusu, texnoparkı, buradakı startap layihələri, həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verilib, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi