Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri davam edir.
Növbəti belə görüşlər Pedaqoji fakültənin Kimya müəllimliyi və Biologiya müəllimliyi ixtisaslarının tələbələri üçün təşkil olunub. Fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov çıxış edərək universitet haqqında, həmçinin görüşün formatı barədə tələbələrə ümumi məlumat verib.
Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev isə çıxışında tələbələri təbrik edib və yeni tədris ilində qarşıda duran əsas vəzifələrə toxunub. O, Pedaqoji fakültə üzrə ən yüksək bal toplayan tələbələrin adlarını (Xədicə Abdullazadə-Kimya müəllimliyi 616.90 bal, Fidan İsmayılzadə- Riyaziyyat müəllimliyi 616.30 bal, Maya Səfərova-Riyaziyyat və informatika müəllimliyi, 610.30 bal) iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, bu görüşdə iştirak edən Kimya müəllimliyi ixtisası üzrə ən yüksək nəticə göstərən Xədicə Abdullazadəni təqdim edib.
Kimya-biologiya kafedrasının müdiri, k.ü.f.d. Elmar İmanov distant təhsilin təşkili, dərs qeydiyyatı, tədris olunacaq fənlər, həmçinin iş potensialı barədə təqdimatla çıxış edib.
Riyaziyyat və informatika kafedrasının müəllimi Elməddin Hüseynov Tələbə Məlumat Sistemi (TMS) və ondan istifadə edilməsi barədə tələbələrə ətraflı danışıb.
Tələbələri maraqlandıran sualların cavablandırılmasından sonra, onlara Kompüter laboratoriyası ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Sonda ilk kurs tələbələri üçün ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi