Bakı Mühəndislik Universitetində (BMU) “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisası üzrə Yekun Dövlət Attestasiyası keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Dilqəm Qəniyevin sədrliyi və komissiya üzvləri - “Hydrotrans Engineering” MMC-nin baş konstruktoru, texnika üzrə fəlsəfə doktoru Şövqi Qələndərov, müəssisənin müşaviri Natiq Əliyev, direktor müavini Qulam Əliyev, eləcə də BMU-nun İnşaat mühəndisliyi kafedrasının müəllimi Ağarza Nəsirovun iştirakı ilə buraxılış işlərinin müdafiəsi baş tutub.
Attestasiyada “Füzuli rayonunun Qarakollu və Xocavənd rayonunun Məlikcanlı yaşayış avtomobil yolunun layihələndirilməsi”, “Canlı kəsiyi verilmiş gərginləşdirilmiş armaturlu dəmir beton tirlərdən ibarət aşırım qurğusu olan körpü keçidi üzrə” və başqa mövzularda buraxılış işlərinin məruzələri dinlənilib.
Buraxılış işlərinin mövzuları Şərqi Zəngəzur və Qarabağ iqtisadi ərazilərinə müvafiq seçilib. Hazırda Prezident cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğaldan azad olunmuş həmin ərazilərdə geniş tikinti və abadlaşdırma işləri aparılır.
Komissiya üzvləri məruzələrdən razı qaldıqlarını bildirib və BMU ilə təcrübə mübadiləsinin aparılmasında, universitet məzunlarının işlə təminatında maraqlı olduqlarını qeyd ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi