“CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən Bakı Mühəndislik Universitetinin (BMU) Rodimus və Iron-BEU komandaları “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıblar. Belə ki, Rodimus komandası 97.9 %-lə komandalar arasında ən yüksək nəticə göstərib.
“Layihələndirmə” mərhələsində ümumilikdə 15 komanda iştirak edib və onlardan 6 universiteti təmsil edən 10 komanda növbəti mərhələyə keçid alıb. Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin Qiymətləndirmə Meyarları əsasında təşkil edilib.
Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişaf edilməsinə şərait yaradır.
İctimaiyyətlə əlaqələr şöbəsi