Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr pilləsinə qəbul olan İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib.
Öncə Azərbaycanın ərazisi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət və bələdiyyə idarəetməsi ixtisasının (Azərbaycan və ingilis bölməsi) tələbələri üçün nəzərdə tutulan görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov çıxış edərək onları tələbə adı qazanmaları münasibətilə təbrik edib. Nizam-intizam məsələlərinə toxunan dekan fakültədə mövcud olan ixtisaslar haqqında ətraflı məlumat verib.
Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev qarşıdakı dövrdə hansı dərslərin tədris olunacağını və bu ixtisasın yaratdığı iş perspektivlərini tələbələrin diqqətinə çatdırıb. Kafedra müdiri sosial fəaliyyətə toxunaraq universitetdə mövcud olan tələbə klubları və onlara üzv olmaqdan söz açıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini Xanlar Heydərov isə mövcud şəraitdə distant təhsilin təşkili haqqında məlumat verib.
Maliyyə ixtisasının (Azərbaycan və ingilis bölməsi) tələbələri üçün nəzərdə tutulan görüşdə isə BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov tələbələri təbrik edib və BMU-nu seçməklə düzgün addım atdıqlarını bildirib.
Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev BMU-nun Maliyyə ixtisasının əhəmiyyəti haqqında danışıb, bu ixtisasda təhsil alan tələbələrin mübadilə proqramlarında iştirak etmək imkanlarının geniş olduğunu sözlərinə əlavə edib. Kafedra müdiri BMU-nun Maliyyə ixtisasını bitirən məzunların dünyanın ən qabaqcıl universitetlərində magistratura təhsili almaqları ilə yanaşı, dünya üzrə ən nüfuzlu şirkətlərdə çalışdıqlarını qeyd edib.
Maliyyə kafedrasının professoru Saleh Məmmədov maliyyə ixtisasının tarixi və vacibliyi barədə məruzə ilə çıxış edib, ən yaxşı maliyyəçilərin BMU-da yetişdiyini diqqətə çatdırıb.
Görüşlərin sonunda dərs qeydiyyatının aparılması üçün tələbələrə e-maillər təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi