Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Xarici əlaqələr şöbəsinin müdiri Arif Nəcimov Avropa İttifaqının maliyyələşdirdiyi və İtaliyanın Roma Sapienza Universitetinin rəhbərliyi ilə icra olunan “Azərbaycanda ekoloji fövqəladə vəziyyət üzrə 3-cü dövr ali təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzinin təşkili (İTACA)” adlı Erasmus+ KA2 layihəsinin onlayn təşkil edilən iclasında iştirak ediblər.
İtaliyanın Roma Sapienza Universitetinin əməkdaşı və cari layihənin rəhbəri, professor Luka Di Palma iştirakçıları gündəliklə tanış edib.
Sonra layihənin icrası dövründə qarşıda duran vəzifə və öhdəliklər, hər bir tərəfdaşın cari ildə görəcəyi işlər, qurulacaq İnnovativ Tədris Mərkəzi və onun avadanlıqlarının alınması, layihə rəhbəri ilə tərəfdaşlar arasında imzalanacaq “Tərəfdaşlıq müqaviləsinin” hazırlanması və qeydiyyat məsələləri, həmçinin “COVİD-19” pandemiyasından sonra layihə çərçivəsində görüləcək işlər ətraflı müzakirə olunub. Müzakirələrdə dosent M.Namazov və A.Nəcimov da müxtəlif təkliflərlə çıxış ediblər.
İclasa Danimarkanın Aalborq Universiteti, İspaniyanın Qranada Universiteti, Yunanıstanın Patras Universiteti ilə yanaşı, Almaniyanın ekoloji sahədə fəaliyyət göstərən ARGUS Umweltbiotechnologie GmbH şirkəti qatılıb. Bundan əlavə Avropa İttifaqının Erasmus+ Bakı ofisinin rəhbəri Pərviz Bağırov və əməkdaşı Zəfər Həsənov, BMU ilə bərabər Azərbaycanın digər ali təhsil müəssisələrinin (BDU, AzMİU və BANM) əməkdaşları, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, eyni zamanda Azecolab şirkətinin təmsilçiləri də iclasda iştirak ediblər.
Qeyd edək ki, cari layihə Azərbaycanda ekoloji fövqəladə vəziyyət üzrə 3-cü dövr ali təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzinin təşkili ilə universitet və sənaye arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün Avropa İttifaqının və yerli qurumların, eləcə də neft və qaz istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlığı çərçivəsində müasir texnoloji avadanlıqlardan istifadə edə bilən peşəkar mühəndis kadrların və tədqiqatçıların hazırlanması ilə gələcəkdə onların əmək bazarında tez və layiqli iş tapmalarına xidmət edir.
İcra müddəti 2020-2022-ci illəri əhatə edən layihə haqqında daha ətraflı məlumatı https://www.itacaproject.eu/ linkindən əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi