Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Təlimçilər üçün təlim” kursu (11-12 yanvar) təşkil edilib. Kurs İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert - Ullakarin Sundqvist Nilsson və Jörg Schminder tərəfindən keçirilib.
“Yeni informasiya texnologiyaları ilə dəstəklənən təhsil mühiti” mövzusundan bəhs olunan kursda BMU-nun əməkdaşları - Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov, Mühəndislik fakültəsinin Tədris işləri üzrə dekan müavini Əli Həsənov, Kompüter və informasiya texnologiyaları kafedrasının Baş müəllimi Etibar Seyidzadə və Tədris işləri üzrə prorektorluğun Elektron sistem inzibatçısı Rauf Süleymanlı iştirak ediblər. Digər tərəfdaş universitetlərin (BDU və ADNSU) “MAGnUS” Erasmus+ KA2 layihəsinə cəlb olunmuş əməkdaşlarının da qatıldığı kursun sonunda iştirakçılara sertifiklatlar təqdim olunub.
Adıçəkilən layihənin əsas məqsədi Avropa İttifaqına daxil olmayan universitetlər üçün Bolonya prinsiplərinə uyğun və müasir tələblərə cavab verən “Mobil tətbiqlərin və oyun dizaynı” magistr proqramını hazırlamaqla informasiya texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunu artırmaqdır. Tərəfdaş ali təhsil ocaqlarının İT tədrisi ilə məşğul olan müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir tələblərə cavab verən laboratoriyanın qurulması da layihənin məqsədləri sırasına daxildir (https://magnus2020.org/).
İctimaiyyətlə əlaqələr şöbəsi