Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova 27-28 noyabr 2020-ci il tarixlərində İstanbulda keçirilən “Təşkilatların İdarəedilməsi I Beynəlxalq Konqresi”ndə (Örgütlerin Yönetimi Uluslararası Kongresi) iştirak edib.
Onlayn təşkil olunan konfransda BMU-nun əməkdaşı A.Məmmədova “Azərbaycanda QHT nümunəsi və idarəetmə missiyası: Memarlıq, inşaat və dizayn ictimai birliyi” (Azerbaycan’da Bir STK Örneği ve Yönetim Misyonu: Mimarlık, İnşaat ve Tasarım İçtimai Birliği) mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) fəaliyyəti QHT konteksində təqdim olunub və gənc nəslin təhsilinə, tarixi və mədəni dəyərlərinə verdiyi töhfə bədii və sosial aspektlərdə araşdırılıb. Qeyd olunub ki, MİDİB Azərbaycanda 2 may 2001-ci ildə qurulub və 30 iyul 2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
A.Məmmədova MİDİB-in həm dövlətin dəstəyi ilə, həm də öz büdcəsi hesabına memarlıq, inşaat, mühəndislik, dizayn və təhsil sahələrində (təhsil, seminar, layihə və s.) fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan memarlıq, inşaat və dizayn sahələrinin inkişafı, həmçinin müasir dünya standartları səviyyəsinə çatdırılmasında işlər həyata keçirir. O bildirib ki, MİDİB-in əsas hədəflərindən biri AR-GE tədqiqatları çərçivəsində elmi layihələr hazırlamaq və böyük komplekslərin planlaşdırılması yolu ilə universitetlə əlaqəli tikililərin çoxşaxəli olmasına nail olmaqdır.
Qeyd edək ki, onlayn keçirilən Konqresə İstanbul Böyük şəhər bələdiyyəsinin rəhbərliyi, bir sıra universitet rektorları, professorlar və iş dünyasının önəmli təmsilçiləri da qatılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi