Bakı Mühəndislik Universiteti (BMU) müasir dövrün tələblərinə cavab verən laboratoriyalarla zəngindir. Belə laboratoriyalardan biri də Aerodinamika və maye mexanikası laboratoriyasıdır.
Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyadan “Maye və qazların mexanikası”, “İstilik texnikası”, “Hidravlika” fənlərinin tədrisində geniş istifadə edilir.
Mayelərin istilik, fiziki xassələrinin öyrənildiyi laboratoriyada, eyni zamanda mayelərin özlülüyü, maye hərəkətlərinin rejimləri, hidravlik müqavimətlər tədqiq olunur. Laboratoriyada maye mexanikasının ilkin anlayışları, Bernulli tənliyi, axın rejiminin müəyyənləşdirilməsi, hava və suda cərəyan xətlərinin vizuallaşdırılması və s. bu kimi təcrübələr aparmaq mümkündür. Bundan əlavə, turbomaşınların faydalı iş əmsalı və güc diaqramı da təcrübə vasitəsilə çəkilə bilir.
Laboratoriyada alınmış təcrübi tədqiqatların nəticələrindən real şəkildə istifadə olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi