Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektorluğunun təşkilatçılığı ilə ötən ildə ali təhsil ocağının fakültələri üzrə elmi-tədqiqat fəaliyyətinin yekunlarına, həmçinin qarşıdakı dövr üçün bu istiqamətdə planların müzakirəsinə həsr olunan tədbirlərə start verilib. Bu məqsədlə gerçəkləşdirilən ilk toplantıda BMU-nun Pedaqoji fakültəsinin professor-müəllim heyəti iştirak edib.
Tədbirdə hesabatla çıxış edən fakültənin dekanı, dos. Elşad Abdullayev 2022-ci ildə fakültə əməkdaşlarının elmi fəaliyyətinin təqdirəlayiq olduğunu deyib. Dekan elmi dərəcə alan müəllimlərın sayında fakültə üzrə artım dinamikasının müşahidə olunduğunu da vurğulayıb.
Fakültə üzrə nəşr olunan elmi işlərlə bağlı müvafiq rəqəmlərə diqqət çəkən digər məruzəçi, dekan müavini Kənan Bəşirov impakt faktorlu elmi jurnallarda məqalə sayının, həmçinin tezislərin 2021-ci illə müqayisədə artdığını bildirib.
Elmi işlər üzrə prorektor Elçin Süleymanov “BMU-nun 2022-ci il üzrə elmi-tədqiqat fəaliyyəti” adlı təqdimatla çıxış edib. Prorektor fakültələr üzrə nəşr aktivliyi, o cümlədən dərslik, dərs vəsaiti, monoqrafiya, impakt faktorlu jurnallarda işıq üzü görən məqalə sayı, elmmetrik bazalara daxil olan nəşrlərin istiqamətləri və s. məsələlərə toxunub. Universitetin kafedralarında elmi-tədqiqat işləri ilə bağlı statistikanı nəzərə çatdıran prorektor onu da bildirib ki, “Web of Science” platformasında BMU adından ümumilikdə 219 nəşr yer alıb və onlara 812 istinad qeydə alınıb. Universitetin H-indeksi 16 və məqalə başına istinad isə 5.01 olub və bu, Azərbaycan universitetləri arasında ən yaxşı göstəricidir.
Sonra tədbirdə adıçəkilən fakültə üzrə illik elmi fəaliyyətin nəticələri, bu nəticələrin daha da yaxşılaşdırılması üçün qarşısıda duran vəzifələr, eləcə də elmi nəticələrin tədris prosesində və istehsalatda tətbiqi istiqamətində geniş müzakirələr aparılıb. Bununla yanaşı, elmi bazalarda nəşrlərlə bağlı əsas prosedurlar izah edilib, yeniliklər diqqətə çatdırılıb.
Tədbirin sonunda “Web of Science” və “Scopus” bazalarında indekslənən impakt faktorlu elmi jurnallarda məqalələri olan, eyni zamanda tələbələr arasında innovativ düşüncənin təbligi və təşviqi, habelə startap fəaliyyətlərində fəal mentorluq edən əməkdaşlara “Təşəkkürnamə” təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi