BMU müəlliminin Qarabağla bağlı kitablarının təqdimatı keçirilib

15 Dekabr 2023
BMU müəlliminin Qarabağla bağlı kitablarının təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi alim, gənc tədqiqatçı Elnur Nəciyevin Qarabağın tarixinə dair müəllifi olduğu kitabların təqdimatı keçirilib.

Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov tarixi faktlarla zəngin kitabların əhəmiyyətindən ətraflı bəhs edib. Bildirib ki, belə  tədqiqatlar Qarabağın, onun tacı olan Şuşanın tarixi, mədəniyyəti ilə bağlı həqiqətlərin üzə çıxmasında mühüm rol oynayır. Prorektor, eyni zamanda BMU əməkdaşlarının bu istiqamətdə fəaliyyətinin, elmi yaradıcılıq işlərinin hər zaman universitet rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb.

Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağla əlaqədar aparılan elmi araşdırmaların yeni çağırışlara uyğun daha da gücləndirilməsinin zəruriliyinə, bu baxımdan təqdimatı keçirilən əsərlərin önəminə diqqət çəkib.

Sonra kitablar barədə məlumatlar təqdim olunub. Bildirilib ki, tarixçi alimlər-Elnur Nəciyev və Ramin Əlizadənin həmmüəllifi olduqları “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabda min ildən artıq mövcud olan Albaniya dövlətinin tarixi ilə bağlı gerçəkliklərin öyrənilməsi və tarixin erməni uydurmalarından təmizlənməsi istiqamətində mühüm faktlar əks edilib. “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitabda isə tarixçi alim Elnur Nəciyev Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materialları, 1905-1906-cı illərdə ermənilərin Azərbaycan türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımları, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımları oxuculara çatdırıblar. Qarabağla bağlı təqdim edilən növbəti dəyərli əsər- “K.A.Nikitin. Şuşa şəhəri və Şuşa qəzasının oçerki” isə (tərçümə və şərhlərin müəllifləri-Elnur Nəciyev, Günay Nəciyeva) Şuşa şəhərinin tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Təqdim edilən mənbə Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi-Şuşa şəhərinin tarixi, coğrafiyası, demoqrafiyası, iqtisadiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Daha sonra Elnur Nəciyevin də redaksiya heyətinin üzvü olduğu və akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə nəşr edilmiş “Azərbaycan tarixi xəritələrdə” adlı ilk mükəmməl və geniş həcmli atlas təqdim olunub.

Tədbirdə çıxış edənlər qeyd olunan nəşrlərin önəmi ilə bağlı fikirlərini bildiriblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər