Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu təhsilini Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetində davam etdirəcək.
Belə ki, universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Lamiyə Rəhimova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib. Proqramın iştirakçısı sözügedən ali təhsil müəssisəsinin magistratura səviyyəsi üzrə “Advanced Chemical Engineering” ixtisasına qəbul olub.
2019-2020-ci tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 630 balla daxil olan L.Rəhimova 2023-cü ildə bakalavriat səviyyəsindən ümumi ürta müvəffəqiyyət göstəricisi (ÜOMG) 94.71 balla məzun olub.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclər müvafiq meyarlar və prosedurlara əsasən seçilir. Meyarlara görə, namizədin bakalavriat təhsil səviyyəsi üzrə ÜOMG-sinin 81 bal və ya ondan yuxarı olması əsas götürülür. Həmçinin şərtlər sırasına namizədin təhsil almaq istədiyi ixtisas üzrə bilik və bacarıqları, məntiqi mühakimə yeritmək, kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti və s. kimi kriteriyalar daxildir.
İctimaiyyətlə əlaqələr şöbəsi