BMU məzunları ilə növbəti görüş təşkil olunub

06 May 2024
BMU məzunları ilə növbəti görüş təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə məzunlarla tələbələrin növbəti görüşü keçirilib.

Görüş BMU Kimya Mühəndisləri Cəmiyyətinin (Society of Chemical Engineers-SChE) dəstəyi ilə “MəzunTalks 2024” layihəsi çərçivəsində təşkil olunub. Öncə tədbirdə belə görüşlərin məqsədi, məzunlarla əlaqələrin qurulması üçün görülən işlər, bu məqsədlə həyata keçirilən müxtəlif layihələr, müəssisələrlə əməkdaşlıq, tələbələrin iş təcrübəsinin təşkili və s. istiqamətlər haqda danışılıb.

Sonra Memarlıq və inşaat fakültəsinin fərqli ixtisasları üzrə təhsilini başa vurmuş və hazırda ölkənin nüfuzlu şirkətlərində çalışan məzunları çıxış ediblər.

BMU məzunları-“PAŞA Sığorta” ASC-nin Satış hesabatlılığı və analitika şöbəsinin rəhbəri Vüsal Əhmədov, “Coders Azerbaijan” MMC-nin qrafik və istifadəçi interfeysi üzrə (UI) dizayneri Orxan Rəcəbov, bp şirkətinin əməkdaşları- SƏTƏM məsləhətçisi Zibeydə Əliyeva, sahə üzrə proses mühəndisi Emil Səlimov, proses mühəndisi Elvin Hüseynov öz təcrübələrini tələbələrlə bölüşüblər. Onlar tələbəlik dövründə uğurlu başlanğıcın bünövrəsinin qoyulması, hədəflərin müəyyənləşdirilməsi, əldə edilən biliklərin gələcək karyera imkanlarına təsiri, işəgötürənlərlə düzgün münasibətlərin qurulması, təcrübə proqramlarında iştirak, fərdi inkişaf, bilik və bacarıqların davamlı təkmilləşdirilməsi kimi məsələlərlə bağlı tövsiyələrini veriblər.

Görüşdə məzunlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər