Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) sənəd qəbulu və imtahan tarixləri məlum olub.
2025/2026-cı tədris ili üçün beynəlxalq ikili diplom proqramına onlayn qeydiyyat 1-9 avqust 2025-ci il tarixlərində baş tutacaq.
BMU-İNHA İDP-yə bu il üçün “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq. Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. 2025/2026-cı tədris ili çərçivəsində hər bir ixtisas üzrə 25 tələbənin qəbul olunması planlaşdırılır.
Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilər. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket forması”na daxil etməlidir (1 avqust 2025-ci il tarixindən aktiv olacaq.) Sənədlərin son qəbul tarixi 09.08.2025-ci il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.
BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 11 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan ediləcək.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.
Vurğulamaq vacibdir ki, BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi