BMU-da koreyalı müəllimlərin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

29 İyul 2025
BMU-da koreyalı müəllimlərin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya (Cənubi) Respublikasının İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi” yekunlaşıb. 

BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində gerçəkləşdirilən, akademik ilin davamı olan yay tədris prosesi “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisaslarını əhatə edib. 

“Yay məktəbi”ndə koreyalı müəllimlər sözügedən ixtisaslar üzrə “Siqnallar və sistemlər”, “Rəqəmsal məntiqi dövrə”, “Ətraf mühit və laboratoriya”, “Geodeziyanın əsasları və təcrübə”, “Maşın öyrənməyə giriş”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Rəqəmsal siqnalların emalı”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri - II” fənlərini tədris ediblər. 

3 həftə davam edən  “Yay məktəbi”ndə təcrübəyönümlü dərslər də keçirilib.  Bu dərslərdən biri - “Geodeziyanın əsasları və təcrübə” fənni üzrə professor Kvangbae Kim tərəfindən “İnşaat mühəndisliyi” ixtisasının ikinci kurs tələbələri üçün açıq havada təşkil olunub.

BMU-İNHA İDP Azərbaycan Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən etibarən həyata keçirilir. Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına qəbul prosesi bu ildən etibarən yenidən başlayır. Proqrama 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər