BMU ilə Rumıniya universiteti arasında elmi əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2025
BMU ilə Rumıniya universiteti arasında elmi əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə  Rumıniyanın Craiova Universiteti ilə tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. 

Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, professor Rakib Əfəndiyev çıxış ediblər. Çıxışlarda universitetin beynəlxalq tərəfdaşlıqlara xüsusi önəm verdiyi, xüsusilə Avropa ali məktəbləri ilə birgə layihələrin həyata keçirilməsinin strateji hədəflərdən biri kimi müəyyənləşdirildiyi qeyd olunub. Bildirilib ki, Craiova Universiteti ilə əməkdaşlıq elmi potensialın artırılması və tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda  riyaziyyat və tətbiqi elmlər sahəsində bilik və təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağına inam ifadə edilib.  

Görüşdə Craiova Universiteti Riyaziyyat fakültəsinin professoru, Rumıniya Elmlər Akademiyasının “Simion Stoilov” Riyaziyyat İnstitutunun əməkdaşı  Vicențiu D. Radulescu çıxış edib. Nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü, 10-dan artıq elmi monoqrafiyanın və 400-dən çox elmi məqalənin müəllifi olan alim elmi və akademik əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirib ki, birgə layihələr və mübadilə proqramlarının həyata keçirilməsi hər iki universitet üçün faydalı əməkdaşlıq imkanları yaradacaq.

Görüş zamanı əməkdaşlıq imkanları geniş müzakirə olunub. Birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi məqalələrin hazırlanması, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili istiqamətlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Eyni zamanda elmi və akademik əməkdaşlığın konkret mexanizmlərinin hazırlanması, mübadilə proqramlarının planlaşdırılması barədə razılığa gəlinib, seminar və elmi tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər