Bakı Mühəndislik Universitetində (BMU) Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) nümayəndə heyəti ilə görüş keçirilib.
Universitetin rektoru Yaqub Piriyev sahibkarlığın, xüsusilə kiçik və orta biznesin daha da inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Eyni zamanda, özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərə, bu sahədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müxtəlif istiqamətlər üzrə tətbiq etdiyi dəstək və xidmətlərə diqqət çəkib.
Bu məsələdə universitetlərin üzərinə düşən roldan ətraflı danışan rektor, həmçinin gənc sahibkarların formalaşdırlması, tələbələrin biznes ideyalarının dəstəklənməsi, məzunların işlə təminatı baxımından ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Kampus, texnopark, müxtəlif profilli müasir laboratoriyalar kimi geniş imkanlara malik BMU-da perspektiv layihələrin icrası üçün münbit şəraitin olduğunu bildirən Yaqub Piriyev mümkün əməkdaşlıq istiqamətləri üzrə Assosiasiya ilə səmərəli əlaqələrin qurulacağına inandığını deyib.
KOBSKA-nın sədri Nigar Ələsgərova rəhbərlik etdiyi qurumun fəaliyyət dairələri barədə məlumat verib, universitet-özəl sektor əlaqələrinin gücləndirilməsi, ali təhsil müəssisələri ilə əməkdaşlığın faydalılığı və səmərəliliyindən söz açıb. O, BMU tələbələrinin startap ideyalarının uğurlu biznesə çevrilməsinə, müəssisələrdə işlə təminatına və birgə müvafiq layihələrin gerçəkləşməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
Müzakirələrdən sonra BMU ilə KOBSKA arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadr hazırlığı, mütəxəssislərə iş tapılmasına dəstəyin verilməsi, tələbələrin beynəlxalq peşəkar qurumların müvafiq biznes-tədrisi proqramları üzrə sertifikatlaşması, təcrübə mübadiləsi, əmək yarmarkaları və festivallarının təşkili, tələbələrin infoturlarda iştirakına kömək kimi istiqamətləri özündə ehtiva edir.
İctimaiyyətlə əlaqələr şöbəsi