Bakı Mühəndislik Universiteti (BMU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Universitetdə energetika, elektronika və avtomatika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında birgə əməkdaşlığı nəzərdə tutan sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və Agentliyin direktoru Cavid Abdullayev imzalayıblar.
Rektor Havar Məmmədov bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar prosesinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, son illər bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə toxunub.
Ölkənin yüksəkixtisaslı, dinamik inkişafa cavab verə bilən kadr potensialına olan tələbatının ödənilməsində təhsil ocaqlarının işəgötürənlərlə birgə müxtəlif səviyyələrdə tərəfdaşlıq və əməkdaşlğının qurulmasına, dövlət-özəl sektor və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə diqqət çəkən Havar Məmmədov bu aspektdə yaranan münasibətlərin ümumi inkişafa verdiyi qarşılıqlı faydalara toxunub. BMU-da bu sahədə qurulan səmərəli əlaqələri qeyd edən rektor Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə başlanan əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.
Agentliyin direktoru Cavid Abdullayev müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişinin məhz insan kapitalının məqsədyönlü inkişafı hesabına formalaşmasından, fasiləsiz təhsilin böyük rolundan bəhs edib. Ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasının önəmindən danışan Cavid Abdullayev Agentliyin bir sıra universitetlərlə əməkdaşlıq etmək niyyətində olduğunu və ilk belə sənədin BMU ilə imzalandığını önə çəkib.
Təmsil etdiyi qurumun fəaliyyətinə toxunan Cavid Abdullayev bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində dövlət siyasəti, beynəlxalq təcrübə əsasında həyata keçirilən müxtəlif layihələr, qarşıda duran məsələlər, eyni zamanda Agentliyin kadr siyasəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb.
Görüşdə BMU tələbələrinin Agentlikdə işə cəlb olunması və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təkliflər səsləndirilib, əməkdaşlığın səmərəli təşkili üçün ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, mühəndis kadrlarının hazırlanması sahəsində əməkdaşlığı hədəfləyən razılaşma elmi-tədqiqat işlərinə, BMU-nun kitabxana-informasiya sisteminin zənginləşdirilməsinə dəstək, Agentliyin mütəxəssisləri tərəfindən mühazirələrin təqdimatı, istehsalat təcrübəsinin təşkili üçün karyera imkanlarının yaradılması və s. kimi bir çox əməkdaşlıq istiqamətlərini özündə ehtiva edir.
İctimaiyyətlə əlaqələr şöbəsi