Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Riyaziyyat kafedrasının müəllimi Çinarə Hacıyeva və Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva fəlsəfə doktoru dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər.
Dissertasiya işlərinin müdafiəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda pandemiya şərtlərinə uyğun olaraq təşkil olunub.
ED 1.04 dissertasiya şurasının növbəti iclasında (qismən əyani, eyni zamanda distant şəkildə) Ç.Hacıyevanın “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib.
Ç.Hacıyevanın elmi rəhbəri riyaziyyat elmləri doktoru, dosent Rəşid Əliyev olub. Dissertasiya işi təqdim edildikdən sonra rəsmi opponentlər və şura üzvləri öz müsbət fikirlərini söyləyiblər. Daha sonra təqdim olunan iş səsvermə yolu ilə müsbət qiymətləndirilib.
Bununla yanaşı, ED 1.26 dissertasiya şurasının iclasında 2417.01 – “Botanika” ixtisası üzrə BMU-nun müəllimi A.Rzayevanın da “Azərbaycanda ardıc (Juniperus L.) cinsinin floristik təhlili, bəzi növlərinin Abşeronda introduksiyası” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işi AMEA Dendrologiya İnstitutunun “Ağac-kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasında AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun rəhbərliyi ilə yerinə yetirilib.
Dissertasiya işi Azərbaycan ərazisində azmeylli yamaclarda, qayalıqlarda, quru və daşlı sahələrdə rast gəlinən ardıc ( Juniperus L.) bitkisinin tədqiqinə həsr olunub. Tədqiq olunan bitki respublikamızın torpaq və bitki ehtiyatlarından səmərəli istifadə və mühafizəsində müstəsna əhəmiyyəti olan arid seyrək meşələrin əsas tərkib hissəsidir. Bu səbəbdən dissertasiya işində ardıc meşələrinin yayılma arealları, yayılma areallarında baş verən dəyişikliklər, ardıclıq bitki qruplaşmaları və bu qruplaşmaların növ tərkibi, o cümlədən ardıclıq bitki qruplaşmalarının floristik tərkibinin ətraf mühit faktorlarından asılılığı məsələləri araşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi