BMU əməkdaşları “CAMPAIGNers” layihəsi çərçivəsində Finlandiyada keçirilən tədbirlərdə iştirak ediblər

21 İyun 2023
BMU əməkdaşları “CAMPAIGNers” layihəsi çərçivəsində Finlandiyada keçirilən tədbirlərdə iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları-dos. İsa Qasımov, dos. Pərviz Həsənov və Etibar Qəhrəmanov “Horizon 2020” proqramı əsasında “CAMPAİGNers” beynəlxalq layihəsi çərçivəsində Finlandiyanın Lahti Texnologiya Universitetində təşkil olunmuş tədbirlərdə (2-ci Assambleyada) iştirak ediblər.

Səfər zamanı ilk görüş Lahti şəhərinin Ətraf Mühit üzrə direktoru və “CAMPAİGNers” layihəsinin koordinatoru ilə keçirilib, layihə çərçivəsində aparılan tədqiqat fəaliyyətləri müzakirə olunub.

Sonra layihədə hədəf kimi seçilmiş pilot və həvəskar şəhərlərdə aparılmış tədqiqat işləri, əldə olunan məlumatların müxtəlif dillərə tərcüməsi, eyni zamanda əldə olunan təcrübənin qruplar şəklində təqdimatı həyata keçirilib.

Layihə əsasında proqram təminatı (mobil tətbiq) qurulub. “Climate Campaigners” adlı mobil tətbiq “Campaigners” layihəsində təmsil olunan 30-dan çox təşkilatının aid olduğu ölkələrin dilində, o cümlədən Azərbaycan dilində hazırlanıb. Sözügedən mobil tətbiqin təkmilləşdirilməsi prosesi davam etsə də, hazırda onu “Play Store” platformasından endirərək, istifadə etmək mümkündür. Proqram təminatının əsas hədəfi istifadəçilər tərəfindən nəqliyyat, qida, enerji və istehlak sahələri üzrə seçilmiş hədəflər əsasında karbon ayaq izinin hesablanmasıdır. Bu, istifadəçilərin əsasən hansı sahələrdən ətraf mühitə təsir etdiklərini müəyyənləşdirməyə imkan verir. Beləliklə, proqramda seçilmiş hədəflər sayəsində karbon ayaq izini azaldaraq, qlobal istiləşmə və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək mümkündür.

Müzakirələr zamanı proqram təminatında olan mövcud hədəflər, iştirakçı şəhərlər üçün potensial hədəflərin müəyyən olunması və proqram təminatına daxil edilməsi, həmçinin proqram təminatının iştirakçı ölkələrin dillərinə tərcüməsi, həmin ölkələrdə istifadəsi nəzərdən keçirilib.

Növbəti günlərdə BMU nümayəndələrinin iştirakı ilə  layihənin istiqamətlərinə uyğun qrup şəklində müzakirələr aparılıb. Layihənin keyfiyyət qiymətləndirilməsi və layihə haqqında məlumatların yayılması, indiyə kimi əldə olunan nəticələrin müzakirəsi, layihənin icrası üçün növbəti hədəf və öhdəliklər diqqət mərkəzinə gətirilib.

Qeyd edək ki, layihə çərçivəsində yerinə yetirlən tədqiqat işlərinin davamlılığını təmin etmək məqsədilə onlayın platformalarda mütəmadi iş aparılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər