BMU ECAR layihəsi çərçivəsində Polşada keçirilən təlimlərdə təmsil olunub

08 Fevral 2023
BMU ECAR layihəsi çərçivəsində Polşada keçirilən təlimlərdə təmsil olunub

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Səfərdə Bakı Mühəndislik Universitetini (BMU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor Mikayıl Zeynalov təmsil edib.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə üzrə Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfər Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi məqsədilə təşkil olunub.

İlk olaraq, Kozminski Universitetində keçirilən təlimlər zamanı sözügedən təhsil müəssisəsinin ümumi inkişaf, dayanıqlı inkişaf və rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.

Növbəti günlərdə Varşava Həyat Elmləri Universitetinin rektoru və CRASP-ın vitse-prezidenti Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Varşava Həyat Elmləri Universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim-seminarlar gerçəkləşdirilib.

Təlim proqramı çərçivəsində Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən təhsil müəssisəsində Azərbaycan dilinin tədrisi və mədəniyyətinin təbliği, elmi konfranslar, həmçinin digər tədbirlər haqqında ətraflı təqdimat həyata keçirilib.

Səfər zamanı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub.  Görüşdə səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumatlar verib. N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini vurğulayıb.

Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf Komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, eyni zamanda komitənin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Qalareya şəkilini seçin

Digər xəbərlər