Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Universitetin şəhid ailəsinin üzvü olan, həmçinin Vətən müharibəsində iştirak etmiş qazi tələbə və əməkdaşlarının da iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səsləndirilməsindən sonra “Zəfər tarixi” adlı videoçarx nümayiş olunub.
Zəfər Günü münasibətilə təbriklərini çatdıran BMU-nun rektoru Yaqub Piriyev tarixi qələbəni, şərəfli günləri bizə qazandıran şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə cansağlığı arzulayıb və şəhidlərin bizim qəlbimizdə əbədi yaşayacağını deyib.
Rektor artıq üç ildir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində şanlı qələbə şərəfinə təsis edilmiş Zəfər Gününü böyük qürurla qeyd etdiyini bildirib. Bu möhtəşəm tarixi Zəfər nəticəsində 30 illik işğala son qoyulmaqla yanaşı, iki əsrə yaxın dövrdə xalqımıza çoxsaylı fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildyini önə çəkən ali təhsil ocağının rəhbəri Zəfərimizin növbəti ildönümünün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz bir vaxta, eyni zamanda cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsinə diqqət çəkib. Yaqub Piriyev bu baxımdan şanlı Zəfərdən, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən olan Qarabağ probleminin birdəfəlik həllindən danışarkən, qələbəmizi şərtləndirən amillərə dönə-dönə qayıtmağın, nəzər yetirməyin vacibliyini vurğulayıb. Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Qələbəyə xilaskar şəxsiyyət Heydər Əliyevin siyasi kursunu davam etdirən, Onun arzularını reallığa çevirən Prezident İlham Əliyevin gerçəkləşdirdiyi strateji inkişaf konsepsiyası nəticəsində nail olunduğunu söyləyən rektor Vətən müharibəsinə qədər Azərbaycanın keçdiyi və hərtərəfli dirçəlişlə müşahidə olunan şərəfli yoldan ətraflı danışıb.
Vətən müharibəsinin 44 günlük xronikasını diqqətə çatdıran rektor müharibənin gedişində ölkəmizin qüdrəti haqqında beynəlxalq birlikdə dəqiq təsəvvürün formalaşdığını, eyni zamanda bütün dünyanın öz xalqının maraqlarını bütün dəyərlərdən üstün tutan Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin şahidi olduğunu söyləyib. “Vurğulamaq vacibdir ki, Prezident İlham Əliyevin postmüharibə dövründə yürütdüyü düşünülmüş siyasət, diplomatik gedişlər qələbəmizin dünya tərəfindən qəbul olunmasına, həmçinin suverenliyimizi bərpa etməyə imkan verdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdusa, bu il sentyabrın 20-də keçirilən 23 saatlıq, dünyada nadir olan antiterror əməliyyatı ilə torpaqlarımız üzərində dövlət suverenliyimiz tam bərqərar edildi. Bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandanın Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə üçrəngli bayrağımızı ucaltmasına böyük xoşbəxtlik, böyük fərəh, böyük qürurla şahidlik etdi”-, deyən Yaqub Piriyev hazırda işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini və bu proseslə paralel olaraq, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının hamımızın qəlbində sonsuz sevinc hissləri doğurdunu ifadə edib.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev möhtəşəm tarixi qələbənin bu il ölkəmizin suverenliyinin tam bərpa olunaraq bayram edilməsini xüsusi vurğulayıb. Şanlı qələbənin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və onun güclü, sarsılmaz siyası iradəsi, eyni zamanda ordumuzun qüdrəti hesabına qazanıldığına diqqət çəkən icra başçısı qələbəni bizə qazandıran qəhrəman oğullarımıza hər zaman borclu olduğumuzu söyləyib və onların daima yad edilməsinin vacibliyini vurğulayıb. Qazi və şəhid ailə üzvlərinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu deyən Abdin Fərzəliyev Abşeron rayonunda yaşayan qazi və şəhid ailələri ilə bağlı görülən tədbirlərdən də bəhs edib.
Sonra çıxış edən şəhid Osman Manafovun həyat yoldaşı, BMU-nun II kurs tələbəsi Aysel Manafova Zəfər Gününün şəhid ailəsi olaraq, böyük qürurla qeyd etdiyini bildirib. Şəhidin şərəfli ömür yolundan danışan A.Manafova qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən qəhrəman döyüşcü Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, həmçinin “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Övladı Natiq Manafovun da atasının adına və Vətənə layiqli övlad kimi böyüdüləcəyini vurğulayan A.Manafova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eyni zamanda ona verdiyi dəstəyə görə BMU rəhbərliyi, o cümlədən universitetin pedaqoji kollektivinə minnətdarlığını ifadə edib.
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın (THİK) sədri Ləman Şərifova isə çıxışında qələbəyə gedən yol, Zəfər Günü üçün borclu olduğumuz şəhid və qazilər, həmçinin bu qələbənin əmanət edildiyi gənclərin üzərinə düşən vəzifələr hadqa fikirlərini bildirib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi