Bakı Mühəndislik Universitetinin (BMU) Sənaye mühəndisliyi kafedrasında “Tədris proqramının iş dünyası ehtiyaclarına uyğunlaşdırılması” adlı layihənin icrasına başlanılıb.
Elmi-praktiki fəaliyyətləri və çeşidli inkişaf proqramlarını əhatə edən layihənin məqsədi sənaye mühəndisliyi ixtisası üzrə tədris proqramlarının daha praktiki hala gətirilməsini, eyni zamanda aktual, müasir və real biznes mühitindəki tələblərə uyğun bilik və bacarıqların öyrənilməsini təmin etməkdir.
Layihə çərçivəsində keçilən dərslərin təcrübi əhəmiyyətinin tələbələr tərəfindən effektiv mənimsənilməsi, onlara müasir istehsalat sistemlərində yerinə yetirilən proseslərin daha praktiki şəkildə öyrədilməsi nəzərdə tutulur. Müəssisələrin yerinə yetirdiyi funskional əməliyyatların mahiyyətini tələbələrə yerində və təcrübi olaraq izah etmək, tələbələrə təhsil aldıqları ixtisas haqqında daha dolğun və hərtərəfli bilik aşılamaq layihənin əsas hədəfləri sırasındadır.
Hazırda layihənin 3 mərhələdə yerinə yetirilməsi planlaşdırılan “Əməliyyatların və proseslərin idarəedilməsi” adlı ilk modulunun həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə tələbələrə “Əməliyyatların idarəedilməsi” və “Proseslərin idarəedilməsi” mövzularında iki fərqli master-klas keçirilib. Sonra tələbələrin hazırladıqları hesabatlar əsasında seçim aparılıb. Növbəti mərhələdə iştirak haqqı əldə edən tələbələrin iki fərqli istehsal müəssisəsinə gəzintisi təşkil ediləcək və real iş mühitində müəyyən edilmiş mövzular üzrə “Proses analizi” və “Dəyər axışı təhlili” aparılacaq. Tələbələr etdikləri araşdırma və təhlillərin müəssisələrdə necə qiymətləndirildiyini əyani şəkildə müşahidə etmək imkanı qazanacaqlar.
Layihənin davamlı olması və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi