BMU-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

26 Fevral 2025
BMU-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub, faciəni əks etdirən videoçarx izlənilib.

Tədbirdə çıxış edən rektor Yaqub Piriyev 33 il öncə baş verən Xocalı faciəsini dünya tarixinin ən dəhşətli soyqırım aktı kimi səciyyələndirib. Bu dəhşətli terror  zamanı 7 min nəfərdən çox əhalisi olan şəhərin bir gecədə yerlə-yeksan edildiyini, günahsız insanların məhz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiyini xatırladan rektor düşmənin qanlı hadisələrdə hədəflədiyi çirkin məqsədləri vurğulayıb. Həmçinin bu gün Xocalı şəhidlərinin ruhlarının şad olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzərsiz Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyini,  Xocalı şəhərinin separatçılardan təmizləndiyini bildirib. Yaqub Piriyev soyqırımın növbəti ildönümü ərəfəsində Prezidentin Xocalı rayonunda fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmasının hər birimizdə sonsuz qürur hissləri doğurduğunu deyib. Ötən gün dövlət başçımızın soyqırımın beynəlxalq səviyyədə tanıdılması və faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladığını bildirən rektor bu yöndə indiyədək görülən işlərə diqqət çəkib. Qeyd edib ki, faciəyə ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Habelə hadisənin dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin də fəaliyyətinin hər zaman mühüm istiqamətləri sırasında dayanıb. O cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların beynəlxalq aləmə çatdırılması yönündə sistemli və ardıcıl fəaliyyət göstərir.

Yaqub Piriyev artıq Xocalı soyqırımının anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrildiyini vurğulayıb və düşməndən intiqamımızın alınmasına baxmayaraq hadisələrin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fasiləsiz təbliğat işlərinin aparılmasının vacibliyini söyləyib.

Sonra BMU-nun Ümumi fənlər kafedrasının professoru Şikar Qasımov geniş məruzə ilə çıxış edib. O, ermənilərin əsrlər boyu xalqımıza qarşı tətbiq etdiyi deportasiya və soyqırımı siyasətini tarixi faktlarla nəzərə çatdırıb. Eyni zamanda Xocalı faciəsinin baş vermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verib, tarixi gerçəkliklərin gələcək nəsillərə də  çatdırılmasının önəmli olduğunu bildirib.

Tədbirdən sonra BMU kollektivi Xətai rayonunda Xocalı faciəsi qurbanlarına ehtiram əlaməti olaraq ucaldılmış abidəni ziyarət edib.

Universitet əməkdaşları soyqırımı qurbanlarının xatirəsini yad edib, abidənin önünə gül dəstələri düzüblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər