Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Xalçalarımız keramikada” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
"Nargis porcelain" bədii keramika fabrikinin texniki dəstəyi ilə baş tutan sərgidə universitetin müəllimi, rəssam Günel Hüseynovanın Azərbaycanın dünyaca məşhur milli xalça məktəblərinin ornamentləri əsasında keramik materiallar üzərində yaratdığı kompozisiyalardan ibarət 60-dan çox əsəri nümayiş olunub.
Tədbirin açılışında çıxış edən rektor Yaqub Piriyev bu qəbildən olan sərgilərin davamlı təşkilinin əhəmiyyətini vurğulayıb. Dizayn sahəsinin əslində özündə keramika, interyerlə yanaşı, bir çox istiqamətlər üzrə ixtisasları cəmləşdirdiyini deyən rektor BMU-da bu sahəyə qəbulun, eyni zamanda ixtisaslaşmaların sayının artırılmasının vacibliyinə diqqət çəkib.
Sərginin işinə uğurlar arzulayan Yaqub Piriyev sonra Qarabağ motivləri əsasında hazırlanan və sərginin əsas atributlarından olan “Xan qızı” keramik vazasının açılışını edib.
Tədbirdə çıxış edən BMU-nun Memarlıq və şəhərsalma kafedrasının müdiri, professor Sabir Orucov, Dizayn kafedrasının müdiri, dosent Vaiqf Məmmədov, Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin əməkdaşı Aygün Zülfüqarlı, tanınmış keramika ustası Mirteymur Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Əlikram Zəkiyev, aktyor Aslan Fətullayev, xalçaçı rəssam Əkbər Nağıyev və digərləri xalçaçılıq və keramika sənətləri, sərgidə bu iki böyük sahənin sintezi ilə bağlı fikirlərini paylaşıblar.
Rəssam Günel Hüseynova isə milli mədəniyyətimizin tərkib hissəsi olan xalçaçılığın keramikada əksi ilə bağlı fikirlərini bildirib və ilk sərgisinə göstərilən dəstəyə görə BMU rəhbərliyinə təşəkkürünü, həmçinin qonaqlara minnətdarlığını ifadə edib.
Abşeron, Quba, Qarabağ, Gəncə, Qazax, Şirvan, Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif kompozisiyaların yer aldığı sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi