Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə yaradılan “Sözün gücü” tələbə klubu tərəfindən “Postmodernist ədəbiyyatda oyun estetikasının kommunikativ xüsusiyyətləri” mövzusunda seminar təşkil olunub.
Klubun sədri, I kurs tələbəsi Rüstəm Yusifzadə tədbirin əsas məqsədi barədə məlumat verib, mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Sonra adıçəkilən kafedranın baş müəllimi Ülvi Babasoy mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, məruzəsində modernizmin yaranması, əsas mahiyyəti, həmçinin modernist düşüncənin ədəbiyyatdakı yeri və s. bu kimi məsələlərə aydınlıq gətirib. Postmodernizmin ədəbiyyatda, incəsənətdə, siyasətdə, ictimai həyatda təkcə bir cərəyan kimi deyil, eyni zamanda dövrün bir mənzərəsi kimi formalaşdığını qeyd edən Ü.Babasoy postmodernizm ədəbiyyatda müəllif oxucu münasibətlərinə də toxunub.
Diskussiya şəklində keçən seminar çərçivəsində dil, ədəbiyyat, mədəniyyət sahələrini əhatə edən intellektual yarış keçirilib. Yarışmada fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi