BMU-da SOCAR ilə birgə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirilib

13 Dekabr 2023
BMU-da SOCAR ilə birgə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirilib

Bakı Mühəndislik Universitetində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə təşkil olunub.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ardınca Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişindən sonra açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycanın iqtisadi uğurlarının başlanğıc mərhələsinin dahi şəxsiyyət Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlı olduğunu bildirib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi həm birinci, həm də ikinci mərhələdə neft strategiyasının inkişafı istiqamətində mühüm addımlar atdığını deyən rektor Heydər Əliyevin 1969-cu ildə sovet Azərbaycanına rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesinin dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Eyni zamanda, həmin dövrdə neft sənayesinin inkişafına təkan verən mühüm tədbirləri, müasir, güclü infrastrukturun qurulması üçün görülən işləri diqqətə çatdırıb.

Müstəqil Azərbaycanın enerji layihələrinin, neft-qaz strategiyasının da tarixə Ulu Öndərin adıyla düşdüyünü vurğulayan Yaqub Piriyev 90-cı illərin əvvəllərində baş verən proseslərə toxunub və məhz Heydər Əliyev amilinin tanınmış neft şirkətlərini ölkəmizə gətirdiyini bildirib. 1994-cü ildə “Əsrin müqaviləsi”nın təntənə ilə imzalandığını xatırladan rektor Heydər Əliyevin şəxsi nüfuzu, diplomatik məharəti nəticəsində əsası qoyulan yeni neft strategiyasının Azərbaycanın gələcək inkişafının əsaslarını yaratdığını söyləyib. Bildirib ki, Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər, neft-qaz sənayesinin inkişafı üçün atdığı tarixi addımlar indiki güclü Azərbaycanın reallıqlarını və nəticə etibarilə Qarabağın azadlığını  təmin edib.

Rektor Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti, qətiyyəti sayəsində həyata keçirilən yeni enerji layihələrinin ölkəmizin iqtisadi qüdrətini və dünya arenasında siyasi çəkisini daha da artırdığını vurğulayıb. “Şübhə yoxdur ki, Ulu Öndərin neft strategiyası hələ uzun müddət Azərbaycanın gələcək inkişafına, Qarabağda aparılan quruculuq işlərinə, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhvə verəcək. Enerji layihələri qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq, həmçinin Azərbaycanın önəminin daha da artmasını şərtləndirəcək”-,deyə rektor çıxışının sonunda bildirib.

Sonra Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rafiq Abdullayev çıxış edib. Ulu Öndər Heydər Əliyevin böyük əməyi nəticəsində 1970-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən mühüm tədbirləri nəzərə çatdıran məruzəçi məhz “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandığını deyib. Dövlət Neft Şirkətində prezidentin köməkçisi işlədiyi dövrlərdə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı əyani şahidi olduğu danışıqları tədbir iştirakçıları ilə bölüşən Rafiq Abdullayev bildirib ki, Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi neft kontraktlarını imzalamaq mümkün olmayacaqdı. Heydər Əliyev şəxsiyyəti, böyüklüyü o dövrdəki təzyiqləri neytrallaşdırdı və “Əsrin müqaviləsi”nin imzalanmasına qarşı olan bütün maneələri aradan qaldırdı. O, çıxışında 1994-cü ildə ARDNŞ-in birinci vitse-prezidenti təyin olunan cənab İlham Əliyevin danışıqlar prosesinə cəlb edildiyini, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olduğunu xüsusi vurğulayıb.

Sonda Rafiq Abdullayev Ulu Öndərin yaratdığı yeni neft strategiyasının indiki qüdrətli, qalib Azərbaycanı doğurduğunu söyləyib və gələcəyin mühəndisi olan tələbələrə tövsiyələrini verib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər