Festivala təqdim olunan bəzi layihələr ilk dəfə olaraq elmi məqalə kimi çap ediləcək
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qış Elm Festivalı” keçirilib. Festivalın keçirilməsində məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.
Festivalda “Sel və meşə yanğınlarına qarşı mübarizə”, “Aşağı tezlikli elektromaqnit aparatı”, “İnsan beyninin sakitliyini təmin edən alfa generatoru”, “Yüksək emosional gərginlik şəraitində kurkuminin beyinə intranasal verilməsi ilə yaddaş proseslərinin yaxşılaşdırılması”, “Palimpsest kollaj” , “Overton pəncərəsi” və s. bu kimi maraqlı layihələr nümayiş olunub.
Tədbirin açılışında iştirak edən BMU-nun rektoru, professor Havar Məmmədov stendlərdə təqdim olunan layihələrlə tanış olub. Rektor maraqlı layihələrin olduğunu bildirərək, gənclərə bu istiqamətdə öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Festivalın sonunda qalib gələn komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Belə ki, münsiflər heyətinin qiymətləndirməsinə əsasən, iqtisadiyyat kateqoriyası üzrə 1-ci yerə BMU, mühəndislik kateqoriyası üzrə I yerə BMU, II yerə Sumqayıt Dövlət Universiteti, III yerə isə BMU, pedaqoji kateqoriya üzrə I yerə Azərbaycan Tibb Universiteti, II yerə Azərbaycan Texniki Universiteti, III yerə BMU tələbələrinin təqdim etdikləri layihələr layiq görülüb.
Bakı şəhəri, Sumqayıt və Abşerondan ümumilikdə 23 orta məktəbin qatıldığı festivalda pedaqoji və riyaziyyat kateqoriyası üzrə təqdim olunan layihələrdə I yerə Saray 3 nömrəli məktəb, Sumqayıt 28 nömrəli məktəb, Avropa liseyi, Bakı şəhəri 132-134 nömrəli orta məktəb, Xırdalan və Mehdiabad şagirdləri, II yerə Zirvə liseyi, Texniki təmüyüllü təbiət elmləri liseyi, Avropa liseyi, Sumqayıt və Xırdalan məktəbliləri, III yerə isə Texniki təmüyüllü təbiət elmləri liseyi, Sumqayıt, Ceyranbatan və Xırdalan məktəbliləri layiq görülüb.
Festivala Abşeron rayon icra hakimiyyətinin və Abşeron rayon təhsil şöbəsinin əməkdaşları, layihədə iştirak edən məktəblərin direktorları qatılıb.
Tədbirin bağlanış mərasimində çıxış edən BMU-nun Riyaziyyat və informatika kafedrasının müdiri dosent Hümbət Əliyev məktəblilər arasında şöhrət qazanan festivalın artıq ənənə halı aldığını nəzərə çatdırıb.
Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov isə festivalda iştirak edən bütün komandalara təşəkkür edib. O, çox mükəmməl layihələrin təqdim olunduğunu və bu layihələrin bir qismi ilk dəfə olaraq elmi məqalə kimi çap olunacağını da sözlərinə əlavə edib.
Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova qalibləri təbrik edib və festival iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. O, bu festivalın həm şagirdlərin, həm də tələbələrin həyatında böyük rol oynadığına inamını ifadə edib. N.Məmmədova BMU-nun rəhbərliyinə belə bir festivalda orta məktəblərin də iştirak etməsinə şərait yaratdıqlarına görə təşəkkürünü bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi