BMU-da “Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir

26 Noyabr 2025
BMU-da “Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə “Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 2-ci (Aclığa son) və 12-ci (Məsuliyyətli istehsal və istehlak) istiqamətlərinə uyğun olaraq təşkil edilən tədbir tələbələrin maariflənməsi, elmi yanaşmalarla tanış olması və mövzuya daha peşəkar baxış formalaşdırması məqsədi daşıyıb.

BMU-nun Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov tədbirdə çıxış edərək müasir dövrdə qida təhlükəsizliyinin yalnız sağlamlıq məsələsi deyil, həm də iqtisadi, ekoloji və sosial aspektləri əhatə edən strateji bir mövzuya çevrildiyini bildirib. Vurğulayıb ki, qlobal ərzaq sistemində gedən dəyişikliklər, istehlak vərdişlərinin yenilənməsi və iqlim dəyişiklikləri qida təhlükəsizliyi məsələsinə peşəkar yanaşmanı zəruri edir. Kafedra müdiri sağlam və zərərli qidalar arasında fərqi müəyyənləşdirmək üçün bazarlarda, satış məntəqələrində verilən qeyri-peşəkar məlumatlara yox, mütəxəssis rəyinə və sınaqlarla təsdiqlənmiş biliklərə əsaslanmağın doğru olduğunu önə çəkib.

Sonra AQTİ-nin İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev mövzuya dair geniş təqdimatla çıxış edib. O, qida və ərzaq təhlükəsizliyi anlayışları arasındakı əsas fərqləri izah edərək, beynəlxalq ticarətin sürətlə genişləndiyi bir dövrdə qida təhlükəsizliyinin əhəmiyyətinin daha da artdığını bildirib. Əlavə edib ki, qida təhlükəsizliyinin təmin olunması üçün vahid beynəlxalq normalar və standartlar mövcuddur. “Tarladan süfrəyə” yanaşması qida zəncirinin bütün mərhələlərində risklərin qiymətləndirilməsi və idarə olunmasını təmin edir. Yəni, təhlükəsiz toxumdan istifadə, pestisidlərin normativlərə uyğun tətbiqi, düzgün yığım və daşınma prosesləri məhsulun təhlükəsizliyində həlledici rol oynayır. Ramazan Nəbiyev idxal və ixrac olunan məhsullara nəzarətin gücləndirilməsinin həm ölkə daxilində keyfiyyətli qida dövriyyəsini, həm də beynəlxalq ticarət münasibətlərini qoruyan əsas amillərdən olduğunu deyib, habelə sağlam qidalanmanın təmin edilməsində istehlakçıların özlərinin də məsuliyyətinə toxunub. Eyni zamanda qida təhlükəsizliyi sahəsində yeni risklər, qlobal çağırışlar, eləcə də iqlim dəyişikliklərinin təsirləri barədə müasir elmi yanaşmaları diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qida təhlükəsizliyi məsələləri ətrafında interaktiv müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər