BMU-da Nəqliyyat tikintisi mühəndisliyi üzrə magistr hazırlığı

11 İyul 2023
BMU-da Nəqliyyat tikintisi mühəndisliyi üzrə magistr hazırlığı

Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə tələbə qəbulu planında yer alan yeni istiqamətlərdən biri də Nəqliyyat tikintisi mühəndisliyi ixtisası və bu sahəyə aid olan Körpülər və nəqliyyat qurğularının tikintisi ixtisaslaşmasıdır.

Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Körpü və nəqliyyat qurğularının tikintisi üzrə magistr proqramının əsasını nəqliyyat qurğularının avtomatlaşdırılmış layihələndirilməsi, körpü konstruksiyalarının layihələndirilməsi, nəqliyyat yolları və qurğularının müayinəsi, eləcə də qiymətləndirilməsi kimi fənlər təşkil edir.

Nəqliyyat müasir dövrdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir. Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan irəliləyişlər əmək bazarında nəqliyyat mühəndislərinə olan təlabatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir. Lakin nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dəyişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını inkişaf etdirmələri tələb olunur. Bütün bunları nəzərə alaraq, ixtisaslaşmanı öz bilik va bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmağı bacaran kadrlar üçün perspektivli sahələrdən biri hesab etmək olar. BMU-da bu sahə üzrə müvafiq mühəndis hazırlığı universitetin Memarlıq və inşaat fakultəsi tərəfindən həyata keçiriləcək.

Növbəti tədris ilindən BMU-nun qəbul planına magistratura səviyyəsi və MBA üzrə bir sıra yeni ixtisas və ixtisaslaşmalar əlavə olunub. Belə ki, Dizayn, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarına, Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.

MBA proqramı üzrə yeni ixtisaslaşmalara gəlincə, Biznesin idarə edilməsi ixtisasına 7 ixtisaslaşma əlavə edilib. Bu sırada Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimaiyyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrinin idarə edilməsi kimi ixtisaslaşmalar yer alır.

Ümumilikdə BMU-nun magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə 181 plan yeri ayrılıb. Bu yerlərdən 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşür.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər