Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasında “Orta əsr tarixi Azərbaycan memarlıq abidələrinin interyerinin dizayn həlli” mövzusunda elmi-seminar keçirilib.
Kafedranın müdiri Vaqif Məmmədov seminarın məqsədindən söz açaraq, bu qəbildən olan tədbirlərin Azərbaycan memarlıq abidələri haqqında tələbələrdə daha dolğun təəssüratların formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıb.
Ardınca Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov məruzə ilə çıxış edib.
Məruzədə Şərq və Qərb memarlıq abidələrinin, orta əsrlər dini və memorial abidələrin, mülki tikililərin interyerlərinin dizayn həlli, islam dininə əsaslanan təsvir metodu, şərti təsvir metodundan realist təsvir metoduna keçid istiqamətlərindən bəhs olunub.
Natiq çıxışında Şərq və Qərb memarlığında ziddiyyətlər, dinin insanlara çatdırılması və yayılmasında memarlıqdan istifadə, milli memarlıq nümunələrində həndəsi və nəbati ornametlərə üstünlük verilməsinin səbəbləri, monumental divar rəngkarlığı, kaşı tərtibarı, o cümlədən milli memarlıq abidələrində rast gəlinən epiqrafik kaşı nümunələrinin mahiyyətini izah edib.
Maraqla dinlənilən məruzənin sonunda müəllim və tələbələrin suallarına aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi