BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03 May 2024
BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

Bakı Mühəndislik Universitetində informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssis hazırlığına kömək məqsədilə bp şirkətinin dəstəyi ilə yaradılan ilk Kibertəhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl qonaqlar universitetin binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi mərasimdə çxış edən rektor Yaqub Piriyev universitet üçün əlamətdar olan bu tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsini xüsusi vurğulayıb, Ulu Öndərin həyatının 25 ilini milli təhlükəsizlik sistemində xidmətə həsr etdiyini diqqətə çatdırıb.

İKT-nin sürətli inkişafı nəticəsində meydana gələn kibercinayətkarlığın qlobal müstəvidə təhlükəsizlik məsələlərinin həllini aktuallaşdırdığını qeyd edən rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə kadrların hazırlanması üçün mühüm addımlar atıldığını, eyni zamanda kibertəhlükəsizliyin Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu deyib.

Bildirib ki, xüsusən 44 günlük Vətən müharibəsindəki qələbədən sonra dünyada nüfuzu kəskin artan Azərbaycana qarşı bəzi qüvvələrin informasiya təhlükəsizliyi sahəsində müəyyən problemlər yaratmağa çalışdıqları heç kimə sirr deyil. Son illər ölkədə İKT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığında ciddi dönüşün yarandığını vurğulayan rektor bu məqsədlə informasiya təhlükəsizliyi ixtisası üzrə Elm və Təhsil Nazirliyində aidiyyəti dövlət qurumları ilə birgə beynəlxalq tələblərə cavab verən təhsil proqramının hazırlandığını söyləyib.

Yaqub Piriyev ölkədə kibertəhlükəsizlik üzrə təhsil verən azsaylı ali təhsil müəssisələrindən biri kimi BMU-da bu ildən etibarən İKT ixtisaslarının əsas baza təhsili kimi götürülməsinin nəzərdə tutulduğunu bildirib. bp şirkətinin dəstəyi ilə bundan öncə BMU-da ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış, tam təchiz edilmiş müasir laboratoriyaların qurulmasından da söz açan rektor şirkətə təhsil sahəsinə verdiyi dəstəyə görə minnətdarlıq edib.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də İKT və kibertəhlükəsizlik bacarıqları, ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək 3 laboratoriyadan ilkinin məhz BMU-da açılmasından məmnun olduqlarını vurğulayıb. İKT-nin gündəlik həyatımızda yüksək əhəmiyyətini önə çəkən vitse-prezident qeyd edib ki, buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişafı geniş karyera imkanlarına qapı aça bilər. O, İKT-nin çox böyük iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb: ”İKT elektron ticarət, elektron idarəetmə, bankçılıq və nəqliyyatdan tutmuş kənd təsərrüfatı, təhsil və tibbə qədər demək olar ki, hər sahədə istifadə olunur. Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz İKT sahəsinin sürətli inkişafı  fonunda artması gözlənilən təhdidlərə qarşı kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinin qarşısının alınması istiqamətində atılan addımlara toxunub. Rəqəmsal inkişafın bu sahədə yüksək kadr hazırlığı tələbatını aktuallaşdırdığını deyən  AİF rəsmisi BMU-da yaradılan laboratoriyanın hazırlanacaq mütəxəssislərin peşə səriştələrinin gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov isə ali təhsil müəssisələri üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri, veb təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi üzrə müxtəlif mövzular əsasında tədris materiallarının hazırlanmasından danışıb, bununla bağlı layihənin növbəti mərhələdə digər fənləri də əhatə edəcəyini vurğulayıb.

Sonra “B2B Group” MMC-nin nümayəndəsi Samir Poladov təqdimatla çıxış edib, laboratoriyanın imkanları haqda məlumat verib.

Daha sonra Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub. Qonaqlar laboratoriyada yaradılan şəraitlə, eyni zamanda laboratoriyanın işləmə prinsipləri haqda məlumatlandırılıblar. Bildirilib ki, laboratoriya bp tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir, innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz edilib. Hər il 1000-ə yaxın müəllim və tələbənin laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcəyi, təhlükəsiz, səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcəkləri, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcəkləri gözlənilir. Laboratoriya kompüter mühəndisliyi, kompüter elmləri və kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər