Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycanda ekoloji fövqəladə hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinə baş tutan səfər və indiyə qədər görülmüş işlərə dair məlumat günü keçirilib.
Tədbirdə BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimləri Etibar Qəhrəmanov, Məmməd Hüseynov, Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev qeyd olunan səfərin nəticələrinə həsr olunan təqdimatlarla çıxış ediblər.
Bununla yanaşı, layihə üzrə BMU əməkdaşlarının həyata keçirdiyi iki tədqiqat istiqaməti haqda ətraflı məlumat verilib. Natiqlər Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların bioremediasiyası və Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların morfogenetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və rekultivasiyası üsulları, Bibiheybət ərazisindən götürülmüş neftlə çirklənmiş torpaq nümunələrinin laborator analizləri, istifadə edilən avadanlıqlar, yarımadanın müxtəlif yerlərindən götürülmüş torpaqların Təlim Mərkəzində qurulmuş avadanlıqlarla analizi, əldə olunan nəticələr barədə danışıblar.
Bundan əlavə, görüşdə “Horizon 2020” Proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsi, istiqamətləri, həmçinin gələcəkdə BMU əməkdaşlarının iştirakı ilə reallaşacaq yeni layihə və hədəflər vurğulanıb.
Görüş ümumi müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi