Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik, Memarlıq və inşaat fakültələrinin yuxarı kurs tələbələri üçün istehsalat təcrübəsinin təşkili ilə əlaqədar maarifləndirici görüş keçirilib.
“Ali təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edən universitetin Təcrübə şöbəsinin müdiri Həzi Qasımov tələbələri istehsalat təcrübəsinin təşkli mərhələləri, o cümlədən təcrübənin məqsədi, əhəmiyyəti, keçirilmə müddəti (16 fevral-24 may) ilə tanış edib.
Şöbə müdiri istehsalat təcrübəsinin ali təhsil ocaqları ilə müəssisələr arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilməsi, ixtisasa uyğun təcrübə yerlərinin müəyyən olunması, tələbələrin təcrübədə müvafiq qruplar şəklində iştirak etməsi kimi məsələlərə toxunub.
Təcrübəyə buraxılma şərtləri və prosedurları, təcrübə keçiləcək istehsalat müəssisələrində daxili nizam-intizam qaydalarına ciddi riayət edilməsi, davranış qaydalarının tələbənin müvəffəqiyyət balına təsir edən amillərdən biri olması, həmçinin tələbənin təcrübədən xaricolma şərtləri də tələbələrin nəzərinə çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi