İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-nin Nevada Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” adlı kitabın (dərs vəsaiti) təqdimatı keçirilib. Kitab BMU-da rəsmi şəxslər, elm adamları, tələbələr və aidiyyəti sahə üzrə mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim olunub.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünyanın və ölkəmizin prioritet məsələlərindən olan startap ekosistemi haqqında yazılmış dərs vəsaitinin önəmini vurğulayıb. Texnopark təcrübəsinə malik universitetdə gələcək inkişafın təmin edilməsi, məhsuldarlıq və səmərəliliyin artırılması məqsədilə həyata keçirilən islahatyönümlü addımlardan, qarşıda duran əsas hədəflərdən danışan rektor bu sırada innovasiya və startap ekosisteminin inkişafını ayrıca qeyd edib. Bildirib ki, təhsil müəssisəsinin strateji inkişaf planında tədqiqatçı universitet rolunu artırmağa çalışmaqla yanaşı, sahibkar universitet modelində inkişaf yoluna da xüsusi diqqət göstərilir. İnformasiya dövründə artan rəqabətin bütün sahələri sürətli dəyişikliklərə məruz qoyduğunu, adaptasiya bacarıqlarının inkişaf etdirilməsinə ciddi zərurət yarandığını söyləyən rektor sosial sahibkar mədəniyyətinə malik intellektualların yetişdirilməsinin, bu prosesdə startap mədəniyyətinin formalaşdırılması, inkişafı və kütləviləşdirilməsinin vacibliyini önə çəkib. Tədqiqat və elmi tərəqqi fonunda dərs vəsaiti və ya tədris materialları ilə təminatın əhəmiyyətini vurğulayan Yaqub Piriyev “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının ölkəmizdə bu sahənin öyrənilməsi və inkişafında mühüm rol oynayacağına inamını ifadə edib, nəşrin müəlliflərinə təşəkkürünü bildirib.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı isə vurğulayıb ki, müasir sahibkarlıq mühitində startaplar innovasiyaların hərəkətverici qüvvələrindən biridir və riskləri düzgün idarə etməyi bacaran cəsarətli biznes liderlərinin özünütəsdiq platforması kimi çıxış edir. Yəni startaplar həm qlobal, həm də yerli miqyasda iqtisadi artımın və məşğulluğun katalizatorlarındandır. Vüsal Qasımlı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının startapların mətbəxinə səyahət imkanı verdiyini, onların uğurlarının sirlərini açmaq üçün bələdçi rolunu oynadığını və bu dərs vəsaitinin də yerli ekosistemin inkişafına töhfə verəcəyini bildirib.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, BMU-nun dosenti Elçin Süleymanov və “Startap School-1” müsabiqəsinin qaliblərindən “Metatesk” layihəsinin rəhbəri Günay İmanzadə çıxış edərək, həm təqdimatı keçirilən kitabın əhəmiyyətindən, həm də innovasiya ekosisteminin mövcud vəziyyətindən və bu sahənin çağırışlarından bəhs ediblər.
Tədbirdə bildirilib ki, “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı BMU-nun Tədris Metodiki Şurasının müvafiq protokolu ilə 01.11.2023-cü ildə dərs vəsaiti kimi təsdiq edilib.
Kitab təcrübəli mütəxəssis və sahibkarların cəlb olunması ilə Azərbaycanda sahibkarlıq, innovasiya və startaplar haqqında ana dilində ədəbiyyatın az olması nəzərə alınaraq, bu sahənin inkişafına dəstək olmaq məqsədilə yazılıb. 8 fəsildən ibarət olan dərs vəsaitində innovasiyaların yaranması tarixindən və müasir vəziyyətindən bəhs olunub, innovasiya siyasətinin gücləndirilməsi və kommersiyalaşdırılması yolları haqqında məlumat verilib. Burada rəqəmsal platformalarda layihələrin idarə edilməsində şəbəkə modellərindən istifadə qaydaları və innovasiya fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi vasitələri göstərilib.
“İnnovatika”nın ayrıca bir elm sahəsi kimi yer aldığı kitabda iqtisadi tərəqqidə startapların rolu və inkişaf perspektivləri izah edilib, startapların texnoloji inkişafı təmin etməsi imkanları araşdırılıb.
Bundan başqa, kitabda qloballaşma, iqtisadi artım, rəqabətqabiliyyətliliyin təmin olunması, eləcə də ümumi inkişafda innovasiya və startapların rolu ilə bağlı xarici ölkə modelləri arasında müqayisələr aparılıb, həmçinin Azərbaycanda startap ekosisteminin formalaşmasının institusional məsələləri, mövcud vəziyyəti və perspektivləri təhlil olunub.
Təqdimatdan sonra tədbir iştirakçıları BMU-nun Texnoparkı, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara texnoloji yeniliklərin mənimsənilməsi və tətbiqi məqsədilə araşdırmaların həyata keçirilməsi üçün mövcud ekosistem, nəzərdə tutulan layihələr barədə məlumat verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi