Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “İnkişaf marafonu” adlı təlim keçirilib.
Şəxsi təcrübələr əsasında tələbələrin doğru inkişafa istiqamətləndirilməsi məqsədi daşıyan təlimdə ADNSU-nun dosenti, biznes konsultant Sakit Səmədov “İnkişaf yolunda edilən səhvlər və həlli yolları” mövzusunda çıxış edib. “Destec Group” şirkətinin rəhbəri, “Nigar Tarım” şirkətinin isə İdarə Heyətinin üzvü olan olan S.Səmədov fərdi təcrübəsində buraxdığı səhvləri sadalayıb, tələbələrə vaxtı düzgün dəyərləndirməyi tövsiyə edib. O, gənclikdə dil bacarıqlarının təkmilləşdirilməsi kimi yarıda buraxılan başlanğıcların mütləq zamanında tamamlanması, peşəkar inkişafa dəstək, inkişafa gedən yolda üzləşilən çətinliklərin ruhdan düşmədən dəf olunması və s. bu kimi məsələlərə də toxunub.
“Shane Academy Azerbaijan”ın təsisçi direktoru, xaricdə təhsil üzrə ekspert Jalə Bəhrəmova isə “Xarici dilin şəxsi inkişafda rolu” mövzusunda təqdimatla çıxış edib. Natiq xaricdə təhsil imkanları, karyera qurulmasında dil bacarıqlarının rolu, müasir dövrdə dil biliklərinin təkmilləşdirilməsinə tələbat, beynəlxalq dil sertifikatlarının əhəmiyyəti haqda şəxsi təcrübələrini bölüşüb.
Sual-cavab formatında davam edən təlimdə fəallığı ilə seçilən 10 tələbəyə THİK-in hədiyyələri təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi