BMU-da imtahan sessiyası davam edir

12 Yanvar 2023
BMU-da imtahan sessiyası davam edir

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

29 dekabr 2022-ci il tarixdən start götürən və əyani formada təşkil olunan sessiyanın ötən dövründə 491 imtahan keçirilib. Həmin imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə indiyə qədər ümumilikdə 4555 tələbə iştirak edib.

Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin tam təmin olunması məqsədilə Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir.

İmtahan nəticələri imtahan keçirilən gün fənn müəllimləri tərəfindən BMU-nun Elektron Məlumat Sisteminə yerləşdirilir. Tələbələr imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə Apelyasiya Komissiyasına müraciət etmək imkanına malikdirlər.

Tələbənin müraciəti komissiya sədri və üzvlərinin iştirakı ilə dekan, kafedra müdiri, fənni tədris edən müəllim, həmçinin həmin fənni tədris edən başqa bir müəllim tərəfindən dinlənilir. Tələbənin cavabı təkrar oxunur, fənni tədris edən müəllimin tələbənin iradına münasibəti bildirildikdən sonra komissiya müvafiq qərar verir.

11 yanvar tarixinə olan məlumata əsasən, Apelyasiya Komisiyasına cəmi 35 ərizə daxil olub. Onların hamısı komissiya tərəfindən dərhal araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, fevralın 1-dək davam edəcək imtahan sessiyasında 1402 imtahanın keçirilməsi nəzərdə tutulub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər