BMU-da ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirilib

29 Noyabr 2023
BMU-da ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən ilkin tibbi yardıma həsr olunan maarifləndirici tədbir və təlim keçirilib.

“İlk yardımı öyrən, həyat xilas et!” adı altında təşkil olunan təlimdə kollecin tələbələri fərqli yaş qruplarında müxtəlif vəziyyətlər zamanı ilk tibbi yardımın göstərilməsi, təməl həyat dəstəyi, epileptik tutmalarda, asfiksiya-boğulma hallarında düzgün tibbi müdaxilə, müxtəlif travmalardan yaranan qanaxmalarda yardımın təşkili, süni tənəffüsün verilməsi və digər prosesləri əyani nümayiş etdiriblər.

Kollecin müəllimləri Könül Salehova və Səbuhi Məmmədov yardımın əsaslarının öyrənilməsi, eyni zamanda yaralı və xəstələrin halını yüngülləşdirə biləcək tədbirlər kompleksi olan ilkin tibbi yardımın vaxtında göstərilməsinin həyati əhəmiyyəti ilə bağlı informasiyaları tələbələrin diqqətinə çatdırıblar.

Tibbi manipulyasiyalar barədə ətraflı məlumatlandırılan tələbələr ilkin tibbi yardımın göstərilməsi üçün tələb edilən minimal tibbi ləvazimatlar və ya bu ləvazimatlar əl altında olmadıqda onları əvəz edə biləcək üsullarla da tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər