Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin Memarlıq və şəhərsalma, Dizayn kafedralarında təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə fakültənin müəllim-tələbə heyətinin iştirakı ilə təşkil edilən sərgi və konfranslara aid videoçarx nümayış olunub.
Sonra fakültənin dekanı Afər Əlifov artıq hər il ənənə şəklini alan bu görüşlərin önəmini vurğulayıb. Bu səpkili tədbirlərin valideyn, müəllim və tələbə üçlüyünün münasibətlərində, tələbələrin mütəxəssis kimi formalaşmasında faydalı olduğunu qeyd edən dekan BMU-nun təhsil mühiti, tədris olunan ixtisaslar, professor-müəllim kontingenti və s. haqda görüş iştirakçılarını məlumatlandırıb.
Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının müdiri Vaqif Məmmədov, fakültənin müəllimləri Yasin Xəlilov, Yusif Əhədi, Arzu Məmmədova və digərləri də çıxış edərək fikirlərini bildiriblər.
Çıxışlarda tələbələrin inkişafında valideyn-müəllim əməkdaşlığının səmərəli rolu, memarlıq və dizayn ixtisaslarının üstünlükləri, əmək bazarında sözügedən ixtisaslara duyulan tələbat, həmçinin tədris prosesinin yaxından izlənilməsi üçün valideynlərin dərslərdə iştirakına hər zaman şəraitin yaradılması və s. bu kimi maraqlı mövzulara toxunulub.
BMU-nun təhsil mühiti ilə bağlı fikirlərini bildirən valideynlər isə universitetdə tələbələr üçün yaradılan isti mühit və xoş münasibətə görə təşəkkürlərini ifadə ediblər.
Dizayn kafedrasının III kurs tələbəsi Solmaz Qurbanova tələbə kimi təəssüratlarını bölüşdükdən sonra görüş bədii hissə - Nəqliyyat, tikinti mühəndisliyinin III kurs tələbəsi Kamal Vəliyev və Şəhərsalma ixtisasının II kurs tələbəsi Aysu Cəbrayılovanın ifası ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi