Bakı Mühəndislik Universiteti (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə çıxışında müstəqil ölkəmizin bugünkü uğurlarının arxasında ümummilli lider Heydər Əliyevin müdrik, düşünülmüş strategiyasının dayandığını vurğulayıb. Bildirib ki, Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi Ulu Öndərin 34 illik rəhbərliyi dövründə olub. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə dönən və xilaskarlıq missiyasını üzərinə götürən Ümummilli Liderin atdığı qətiyyətli addımları nəzərə çatdıran prorektor uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.
Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlərini vurğulayan prorektor Ümummilli Liderin siyasi və mənəvi irsinin davamçısı Prezident İlham Əliyevin dövlətçilik strategiyasının möhkəmlənməsində azərbaycançılıq ideologiyasının roluna böyük önəm verdiyini söyləyib və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar universitetdə keçirilən tədbirlərin əhəmiyyətindən söz açan Bayram Hüseynzadə Heydər Əliyev irsinin daima öyrənilməsinin, təbliğinin vacibliyini önə çəkib.
Sonra Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısında böyük xidmətlərindən danışan H.Mustafayeva görkəmli dövlət xadimini formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsinin tarixi rolunu vurğulayıb. Məruzəçi bu ideologiyanın Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdiyini, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdığını söyləyib.
Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, elminə, təhsilinə verdiyi misilisiz xidmətlərə diqqət çəkən H.Mustafayeva qeyd edib ki, Azərbaycan dilinin dövlət dili elan olunması, bununla bağlı qanunun tətbiqi, şair və yazıçıların təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində atılan addımlar məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edən digər natiqlər də ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında göstərdiyi tarixi xidmətlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan bəhs ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi