Bakı Mühəndislik Universiteti (BMU) ilə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi arasında elmi jurnalların rəqəmsal obyekt identifikator (Digital Object Identifier- DOI) prefiks nömrəsinin təminatı üçün xidmətlərin göstərilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi BMU-nun rektoru Yaqub Piriyev və İctimai Birliyin sədri Xəyalə Məmmədova imzalayıblar.
Rektor universitetin elmi-pedaqoji fəaliyyətinin gücləndirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edib. BMU-da 6 elmi jurnalın fəaliyyət göstərdiyini nəzərə çatdıran Yaqub Piriyev nəşrlərin fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir cağırışlara uyğunladırılmasına ehtiyac olduğunu bildirib. Eyni zamanda, dövri-elmi jurnalların məhsuldarlıq səviyyələrinin artırılması, təkmilləşdirilməsi istiqamətində atılacaq addımların təhsil müəssisəsində həyata keçirilən elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə də müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Universitetdə elmi potensialdan yetərincə istifadə olunmasının vacibliyini fikirlərinə əlavə edən rektor elmi nailiyyətlərin stimullaşdırılması, məqalə, monoqrafiya, elmi araşdırma və təhlillərin keyfiyyətinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı fikirlərini bildirib.
Öz növbəsində Xəyalə Məmmədova rəqəmsallaşma və dövri-elmi jurnalların, onların saytlarının təkmilləşdirilməsi prosesində əməkdaşlığın əsas istiqamətlərinə toxunub. O, elmi jurnalların DOİ ilə təminatının üstünlüklərinə toxunaraq “Scopus”, “Web of Science” kimi nüfuzlu, beynəlxalq elmmetrik bazalara daxil olmaq və jurnalların indeksləşdirilməsi prosesinin yüksəldilməsi imkanlarına diqqət çəkib. Həmçinin, məqalə və jurnalların beynəlxalq elmi ictimaiyyət və geniş auditoriya üçün əlçatanlığının təmin ediləciyini bildirib.
Tədbirdə BMU-nun elmi jurnallarının fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikirlər dinlənilib, tövsiyə və tapşırıqlar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi