BMU-da əcnəbi tələbələr üçün “Oriyentasiya Günü” keçirilib

12 Oktyabr 2023
BMU-da əcnəbi tələbələr üçün “Oriyentasiya Günü” keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ili üzrə təhsil almaq hüququ qazanmış əcnəbi tələbələrin fərqli ölkədə yaşayış və təhsil mühitinə inteqrasiyasına dəstək məqsədi ilə “Oriyentasiya Günü” təşkil olunub.

Tədbirin mahiyyəti haqda görüş iştirakçılarını məlumatlandıran BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova cari tədris ilində BMU ailəsinə Türkiyə, Pakistan, Yəmən, Filippin, Rusiya, Hindistan, Liberiya kimi müxtəlif ölkələrdən olan yeni tələbələrin qatıldığını deyib.

Şöbənin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Nərmin Qəhrəmanlı isə BMU-nun tarixi, ixtisas və fakültələri, tərəfdaş olduğu beynəlxalq layihələr, o cümlədən “Erasmus+ KA1” mübadilə proqramı, “QS Quacquarelli Symonds” beynəlxalq agentliyin reytinq cədvəlində universitetin mövqeyi, tələbə təşkilatları və s. haqda geniş təqdimatla çıxış edib.

Şöbənin miqrasiya məsələləri üzrə mütəxəssisi Müşfiq Mehbalıyev isə tələbələrə miqrasiya qanunvericiliyi, miqrasiya proseduru, sənədləşmə mərhələləri  və digər aktual məsələləri nəzərə çatdırıb.

Sonra “İnternational Student Club”un üzvləri, o cümlədən IV kurs tələbələri - Pakistan vətəndaşı Muhammad Salar Khalid Ayub, Şri-Lanka vətəndaşı Abdullah Muhammedh Azharudden, Çad vətəndaşı Oumar Mahamat Ousman Hassan, III kurs tələbələri - Nigeriya vətəndaşı Yosiah Enyinna Atuma, Sudan vətəndaşı Mahdi Abdalmagid Mohamed Abdolla çıxış ediblər. Çıxışçılar müxtəlif mədəniyyətləri və fərqli ölkələri təmsil edən tələbələrin yeni mühitə hərtərəfli inteqrasiyasını sürətləndirəcək və bu sahədə faydalı olacaq məsələlər, həmçinin şəxsi təcrübələri haqda geniş məlumat veriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər