Bakı Mühəndislik Universitetində (BMU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları ilə bağlı məlumat günü keçirilib.
Universitetin yuxarı kurs tələbələrinin iştirak etdiyi tədbirdə BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova proqram haqqında ümumi informasiyalara toxunub.
Sonra DAAD-nin Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul 2023/2024-cü tədris ilində magistratura, doktorantura və yay kursunda təhsil almaq istəyənlər üçün təqaüd proqramları, eləcə də bu proqramlara müraciət qaydaları barədə təqdimatla çıxış edib. O, müsahibə mərhələləri, qaliblərə maliyyə dəstəyi, Almaniyada fəaliyyət göstərən dövlət universitetləri, bu ölkədə magistr, PhD təhsili, tələbələr üçün nəzərdə tutulan təqaüdlərdən söz açıb, həmçinin BMU-da təhsil alan tələbələrin bu proqramlarda iştirak etmələrini arzulayıb.
Görüşdə Regional Ofisin proqram məsləhətçisi Sevər Qarayeva DAAD-nin fəaliyyəti, təqaüd proqramları, Almaniyada müxtəlif ixtisaslar üzrə təhsil təqaüdü və s. haqqında bəhs edib. Proqram məsləhətçisi mübadilə proqramının müddəti, müsahibədə iştirak etmək üçün əsas şərtlər və lazım olan sənədlər barədə də tələbələri məlumatlandırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi