Bakı Mühəndislik Universiteti (BMU) Abşeron rayon İcra Hakimiyyət ilə birgə “COP29:Gənclərin iqlim hərəkatına çağırışı” mövzusunda simpozium təşkil edib. Tədbirdən öncə Abşeron rayon məktəblilərinin iqlim dəyişiklikləri, ekoloji problemlərlə bağlı əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayan simpoziumda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca COP29-la bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. Bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini xatırladan rektor qəbul olunmuş digər strateji sənədləri nəzərə çatdırıb, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımları vurğulayıb.
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olduğunu deyən rektor həmin prioritetə əsasən aparılan işlərə, qarşıya qoyulan hədəflərə diqqət çəkib, elecə də ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların gerçəkləşdirildiyini fikirlərinə əlavə edən Yaqub Piriyev bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” ali təhsil müəssisələri və onların müəllim-tələbə heyətinin üzvləri üçün də geniş fəaliyyətlərlə müşayiət oluna bilər. “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində görülə biləcək işləri sadalayan rektor dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyasının geniş yayıldığını söyləyib. BMU-da ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirlən tədbirləri dilə gətirən rektor universitetin Avropa İttifaqının “Horizon 2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biri olduğunu ifadə edib. Yaqub Piriyev çıxışının sonunda gəncləri dövlətimizin qarşısında duran məqsədlər uğrunda həmrəyliyə, daha səylə çalışmağa və ətraf mühiti qorumağa çağırıb.
Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova belə bir tədbirin BMU-da təşkilinin təsadüf olmadığını, universitetdə əcnəbi tələbələrin təhsil aldığını, eyni zamanda “yaşıl universitet” layihəsinə əsaslanan müvafiq işlərin aparıldığını önə çəkib. Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətinə diqqət çəkən Gülnar Rəhimova çıxışında Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli işləri vurğulayıb. Eyni zamanda rayonun alternativ enerji mənbəyi ilə zəngin ərazi olduğunu, burada dövlət tərəfindən müvafiq layihələrin icra edildiyini söyləyib. İcra başçısının müavini Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyini vurğulayaraq, gənclərin üzərinə düşən vəzifələri qeyd edib.
Şəhid Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova yenidən BMU-da olmaqdan və belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu vurğulayan Xatirə İsmayılova dövlətimizin bütün dünyada hər sahədə öz sözünü deyən qüdrətli ölkə kimi tanındığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfəri bunun bariz nümunəsi kimi diqqətə çatdıran şəhid anası ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrordan danışıb, gənclərə bu tarixi faktları unutmamağı tövsiyə edib. Şəhid Elçin Həsənlinin bərpa olunan enerji mənbələri ilə bağlı bir neçə məqaləsinin olduğunu nəzərə çatdıran Xatirə İsmayılova onun keçdiyi şərəfli həyat yolundan da ətraflı bəhs edib.
Sonra tədbirdə BMU Texnoparkının direktoru, sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov “Yaşıl texnologiyaların iqtisadiyyatda və cəmiyyətdə rolu”, Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanov “İqlim dəyişikliyi” mövzularında məruzələr ediblər. Eyni zamanda BMU-nun əcnəbi tələbələri - Abdullah Azharudin, Omar Muhamat Hassan, Nouriya Elyasi, Khaled Abudun çıxışları dinlənilib. Çıxışlarda qlobal istiləşmə, iqlim dəyişikliyinin insanlığımıza təsiri, ekoloji problemlər kimi mövzulardan bəhs olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi