Bakı Mühəndislik Universitetində (BMU) Dövlət Məşğulluq Agentliyinin (DMA) “Alo Karyera” məlumatlandırma xidməti çərçivəsində tələbələr üçün canlı şəkildə fərdi konsultasiyalar keçirilib.
Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin birgə təşkilatçılığı ilə baş tutan konsultasiyalar zamanı Agentliyin Mərkəzi Karyera filialının mütəxəssisləri tərəfindən əvvəlcədən qeydiyyatdan keçmiş tələbələrin müraciətləri növbəlilik prinsipi əsasında dəyərləndirilib. Hər müraciətçi üçün ayrılan 30-40 dəqiqəlik konsultasiya müddətində bir çox mövzulara yer ayrılıb.
Belə ki, Agentliyin peşəyönümü məsləhətçiləri tələbələrə “Düzgün karyera planlaması”, “Məqsədlərin təyin olunması”, “İxtisas seçimi”, “Əmək bazarının tələbləri və araşdırılması”, “İş axtarışı”, “Rezüme və istək məktubun hazırlanması”, “Müsahibəyə hazırlıq” və s. istiqamətlər üzrə müvafiq tövsiyə və məsləhətlərini veriblər.
DMA-nın reallaşdırdığı “Alo Karyera” şəxsi və peşəkar inkişafa kömək göstərilməsi və dəstəklənməsi məqsədilə həyata keçirilən xidmətdir. Bu fəaliyyət peşəyönümü məsləhət xidmətlərinin hədəf qrupları üçün əlçatanlığı, göstərilən xidmətin keyfiyyətini və ünvanlanmış müraciətin operativ cavablandırılmasını təmin etmək məqsədi daşıyır.
İctimaiyyətlə əlaqələr şöbəsi