Bakı Mühəndislik Universitetində (BMU) “Akademik və işgüzar mühitdə şəxsiyyət faktoru” adlı maarifləndirici seminar təşkil olunub.
Universitetin Pedaqoji fakültəsinin dekanı, dos. Elşad Abdullayev mövzunun aktuallığı, tələbə-müəllim heyəti üçün seminarın önəmi haqda məlumat verib.
Tədbirdə İDDO psixi inkişaf proqramının mütəxəssisi, psixoloq Jalə Zeynallı psixika anlayışı, insanın şəxsiyyət kimi formalaşmasında psixologiya elminin rolundan danışıb. Akademik mühitdə tələbə-müəllim arasında mümkün münaqişələrin yaranmasına da toxunan psixoloq bununla əlaqədar aparılan sorğunun nəticələrini iştirakçılarla paylaşıb.
Klinik psixoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, İDDO psixi inkişaf proqramının təsisçisi Rövşən Nəzərli akademik və işgüzar mühitdə boşluqların yaranmasında şəxsiyyət modelinin rolu, eyni zamanda münaqişələri doğuran əsas səbəblərin ayrı-ayrı istiqamətlərindən söz açıb. Psixoloq bu sıraya daxil olan ailə problemləri, psixoloji travmalar və s. bu kimi əsas məsələləri nümunələr üzərindən ətraflı izah edib.
Seminarda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırlıb.
İctimaiyyətlə əlaqələr şöbəsi