Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müəllimləri, dosent Rəvan Rəhimov və dosent Yusif Abdullayevin məqaləsi “Journal of Molecular Liquids”-də dərc olunub.
İmpakt faktoru 4.561 olan nüfuzlu jurnalda işıq üzü görən məqalə səthi aktiv maddələr və onların bioloji aktivliyindən (“Aggregation and antimicrobial properties of gemini surfactants with mono- and Di- (2-Hydroxypropyl) ammonium Head-Group: Effects on the spacer length and computational studies”) bəhs edir.
Məqalədə müəlliflər tərəfindən 8 yeni maddə sintez edilib. Bu maddələr gemini səthi-aktiv maddələr adlanır ki, onların quruluşları müxtəlif fiziki-kimyəvi metodlarla təsdiq edilib. Tensiomerik metodla səthi-aktiv maddələrin səthi aktivlikləri, konduktometrik metodla isə onların dissosiasiya dərəcələri təyin olunub.
Xatırladaq ki, BMU Web of Science impakt faktorlu nəşrlərinin orta istinad sayına görə Azərbaycan ali təhsil müəssisələri üzrə ilk onluqda, ictimai elmlər üzrə isə ilk üçlükdə yer alıb. Yarandığı 3 il ərzində universitetdə Web of Science platformasında 2017-ci ildə 8, 2018-ci ildə 18 və 2019-cu ilin ilk 6 ayında 30 olmaqla, cəmi 56 nəşr və onlara 57 istinad qeyd edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi