İngiltərənin nüfuzlu Emerald nəşriyyatında çap olunmuş “Strategic Outlook in Business and Finance Innovation: Multidimensional Policies for Emerging Economies” kitabının iki fəslində Bakı Mühəndislik Universitetinin (BMU) alimlərinin elmi işləri yer alıb.
Belə ki, kitabın “The Positive Effects of Financial Innovation on the International Trade Volume” adlı fəslini BMU-nun Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev qələmə alıb. Bu fəsildə BMU alimi texnologiya və tədqiqat sahəsində son illərdəki sürətli inkişafın maliyyə sektoruna gətirdiyi innovasiyalardan bəhs edib. Qeyd edilib ki, riyaziyyat və kompüter elmlərinin maliyyə sahəsinə inteqrasiyası investorlara yeni kompleks maliyyə məhsullarının təklif edildiyi multidisiplinar maiyyə mühəndisliyi sahəsini ərsəyə gətirib. Bununla yanaşı, maliyyə texnologiyaları, yüksək tezlikli ticarət, ortaq investisiya fondları, birjada ticarət olunan fondlar, hedc fondlar və s. maliyyə innovasiyaları rəqəmlərlə izah edilib, həmçinin daxili və xarici əməliyyatlarda risklərdən qorunmaq üçün törəmə maliyyə alətləri, kriptovalyutalar haqqında məlumatlar verilib.
İqtisadiyyat kafedrasının müdiri dos. Şəhriyar Muxtarov və kafedranın müəllimi Cavid Əliyevin qələmə aldığı “The Relationship Between Financial Innovation and Economic Growth: Evidence from Azerbaijan” adlı fəsildə isə müəlliflər 1992-2018-ci illər arasında Azərbaycanda maliyyə innovasiyası ilə iqtisadi inkişaf arasındakı əlaqəni tədqiq ediblər. Dəyişkənlər arasındakı səbəbiyyət əlaqəsi Vektor Avtoreqressiv (VAR) model çərçivəsində Toda–Yamamoto testi ilə araşdırılıb. Elmi işin nəticələri əsasında, Azərbaycanda və digər neft ixrac edən ölkələrdə makroiqtisadi sabitlik və davamlı inkişafın təmin edilməsində maliyyə innovasiyalarının rolu ilə əlaqəli müəyyən təkliflər irəli sürülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi