Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlarının elmi jurnallarda nəşr olunan məqalələrinin ümumi sayı son 3 ildə 508-ə çatıb. Həmin məqalələrin impakt faktorlu jurnallarda, o cümlədən “Web Of Science” platformasında 56, “Scopus”da 131, digər xarici elmi jurnallarda 108, Azərbaycandakı elmi jurnallarda isə 327-si dərc olunub.
2018/2019-cu tədris ilində elmin kommersiyalaşdırılması və tədqiqatların biznes qurumlarının sifarişinə əsasən həyata keçirilməsi məqsədilə biznes qurumları ilə 30-a yaxın müqavilə imzalanıb. Eyni zamanda, BMU Texnoparkının təşkilatçılığı və BP-nin sponsorluğu ilə “Yeni Fikir” ideya yarışması, eləcə də müxtəlif elmi yarışmalar keçirilib.
Universitetdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsi, universitet büdcəsi ilə yanaşı, respublika və beynəlxalq səviyyəli qrant layihələri, habelə sifarişli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.
Onu da qeyd edək ki, BMU-da doktorantura təhsilinin Avropa standartlarına uyğunlaşdırılması əsas vəzifələrdən biri kimi qəbul edilib və bu istiqamətdə müvafiq işlər davam etdirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi